Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? Təkamülçü alimlər bunun necə həyata keçdiyini heç bir yolla izah edə bilməzlər, lakin bir neçə fərziyyə irəli sürürlər. Təkamülçü antropoloq Rocer Levin darvinistlərin bu mövzuda keçirdiyi sıxıntını “Müasir insanın mənşəyi” kitabında bu sözlərlə ifadə edir: “Hələ də natamam olan arxeoloji qeydlərin hər baxımdan qeyri-müəyyən olmasına baxmayaraq, alimlər bu sualı fərqli şəkildə cavablandırırlar”. (Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, səh. 148)
Arxeoloji tapıntıların göstərdiyi həqiqət isə insanın var olduğu gündən etibarən mədəni anlayışa sahib olmasıdır. Bu anlayış çərçivəsində bəzən inkişaf, bəzən kəskin dəyişikliklərin baş verməsi mümkündür. Lakin bu təkamül prosesinin baş verməsi deyil, mədəni bir inkişafın və dəyişikliyin baş verdiyi mənasını ifadə edir. Təkamülçülərin “ani dəyişiklik” kimi adlandırdıqları incəsənət əsərlərinin ortaya çıxması da bioloji (xüsusən də zehni qabiliyyət) kimi insanın inkişafını göstərən bir məqam deyil. Həmin dövrdə yaşayan insanlar bəzi ictimai dəyişikliklərə məruz qalmış ola bilər, incəsənət və istehsal anlayışları dəyişmiş ola bilər, lakin bu məlumatlar insanın ibtidaidən müasirliyə keçid yolu keçdiyini göstərən dəlillər deyil.
Qədim insanların özlərindən sonra qoyduqları arxeoloji izlərlə təkamülçülərə görə mövcud olmalı anatomik və bioloji izlərin bir-biriləri ilə uyğunsuzluğu da darvinizmin bu mövzudakı iddialarını bir daha əsassız edir. (Darvinizmin əsas iddiası olan insanın uydurma şəcərəsini elmi cəhətdən alt-üst edən məlumatlar üçün bax: Harun Yəhya, “Həyatın gerçək mənşəyi”) Təkamülçü iddiaya görə, insanın mədəni inkişafı bioloji inkişafı ilə düz mütənasib olmalıdır. Məsələn, insanlar əvvəlcə sadə cizgilər vasitəsi ilə sənətkarlıq qabiliyyətlərini nümayiş etdirməli, daha sonra isə həmin cizgilər daha da inkişaf etməli, bu cizgilər yavaş-yavaş inkişaf edərək sənətkarlığın zirvəsinə ucalmalıdır. Halbuki, bəşər tarixinə aid tapılmış ilk sənət izləri bu fərziyyəni bünövrəsindən zədələyir. Sənətkarlıq tarixinin ilk nümunələri kimi qəbul edilən mağara rəsmləri, oymaları və qayaüstü relyeflər həmin dövrdə yaşayan insanın çox yüksək səviyyəli sənətkarlıq qabiliyyətinə sahib olduğunu göstərir. Mağaralarda tədqiqatlar aparan alimlər həmin rəsmləri incəsənət tarixinin ən əhəmiyyətli və dəyərli işlərindən biri olaraq dəyərləndirir. Rəsmlərdəki kölgə effektləri, perspektiv təsvirdən istifadə və zərif cizgilər, relyeflərdə ustalıqla əks etdirilən dərinlik hissi, oymalarda günəş işığının düşməsi ilə meydana gələn oynamalar, təkamülçülərin izah edə bilməyəcəyi xüsusiyyətlərdir. Çünki bunlar darvinist iddiaya görə, çox sonrakı dövrdə meydana gəlməsi gözlənilən bir tərəqqidir.
Fransa, İspaniya, İtaliya, Çin, Hindistan və Afrikanın müxtəlif bölgələrində, bir sözlə, dünyanın müxtəlif yerlərində tapılan bir çox mağara rəsmi qədim insanın mədəni səviyyəsi haqqında çox vacib məlumatları təqdim edir. Bu rəsmlərdə istifadə edilən üslub və boya texnikası tədqiqatçıları çaşdıracaq keyfiyyət və üstünlüyə malikdir. Darvinist alimlər bu rəsmləri ön mühakimə ilə qiymətləndirir, çaşqınlıq içərisində olmalarına baxmayaraq, sözü gedən əsərləri təkamül hekayələrini bəzəmək üçün qərəzli bir şəkildə şərh edirlər. Müasir insanın bədən quruluşuna sahib olmayan varlıqların olduqca ibtidai şərtlər daxilində yaşadıqları mağaralarda qorxduqları və ya ovladıqları heyvanların şəkillərini çəkdiklərini bildirirlər. Halbuki, bu əsərlərdə istifadə edilən texnikalar sözü gedən şəkli çəkən sənətkarların çox dərin bir qavrayışa, qavradıqlarını təsiredici bir şəkildə əks etdirmək qabiliyyətinə sahib olduqlarını göstərir. İstifadə edilən rəngləmə texnikası isə heç də təxmin edildiyi kimi ibtidai bir şəraitdə yaşamadıqlarının başqa bir göstəricisidir. Bundan əlavə, mağara divarlarına çəkilmiş bu şəkillər dövrün insanlarının mağaralarda yaşadığını göstərən bir dəlil deyil. Bu əsərləri meydana gətirən sənətkarlar yaxınlıqda bir evdə yaşaya, lakin əsərlərini sözü gedən mağara divarlarında çəkməyi üstün tutmuş ola bilərdi. Nəyi çəkəcəyini hansı hiss və düşüncə ilə seçəcəyi isə sənətkara məlumdur. Belə rəsmlər üzrə bir çox şərh verilə bilər, lakin veriləcək şərhlərdən həqiqətə ən çox zidd olanı isə onların ibtidailikdən təzəcə çıxmış varlıqlar tərəfindən çəkilmiş olmalarıdır. Bundan əlavə, BBC-nin internet vasitəsi ilə yayımlanan elmi səhifəsində yer alan 22 fevral 2000-ci il tarixli xəbərdə mağara rəsmləri ilə əlaqədar olaraq aşağıdakı sətirlər dərc edilmişdir:
Bunların ibtidai insanlar tərəfindən çəkildiyi güman edilirdi… Lakin iki alimin apardığı araşdırmalara görə, antik rəssamlarla bağlı bu qənaət tamamilə yanlışdır. Onlar bu şəkillərin mürəkkəb olduğunu və müasir cəmiyyətin dəlilləri olduğunu düşünürlər.(Claire Imber, “Ape-Man: Origin of Sophistication, ”BBC News, 22 fevral 2000)
Müasir incəsənət anlayışının bir sıra əsəri də minlərlə il sonra eyni məntiqlə dəyərləndirilə bilsəydi, 21-ci əsr cəmiyyətinin ibtidai qəbilə və yaxud inkişaf etmiş mədəniyyət olması bir sıra mübahisələrə səbəb ola bilərdi. Bundan 5000 il sonra müasir rəssamların tabloları heç bir zərər görmədən tapılsa və müasir dövrümüzə aid heç bir tarixi dəlil qalmamış olsa, həmin dövrün insanları dövrümüz haqqında nə düşünərdi? Van Qoqun və ya Pablo Pikassonun əsərlərini tapan gələcəyin insanları təkamülçü məntiqə görə hərəkət etsələr, müasir cəmiyyətimiz üçün neçə şərhlər verərdilər? Mənzərə şəkli çəkən Klod Mone üçün “sənaye hələ inkişaf etməmiş, insanlar əkinçiliklə məşğul olurdular” və ya Kandinskinin abstrakt rəsmlərinə “hələ yazıb oxuya bilməyən, inkişaf etməmiş insanlar müxtəlif qaralamalarla bir-birini anlayırdılar” şərhini vermək hazırkı dövrümüz haqqında onları doğru nəticələrə aparacaqmı?
MAĞARA RƏSMLƏRİNDƏKİ ÜSTÜN BOYA TEXNİKASI
Pireney yarımadasının Fransaya aid hissəsində yerləşən Nio (Niaux) mağarası qədim dövrdə yaşayan insanların çəkdikləri biri digərindən effektli rəsmlərlə doludur. Rəsmlər üzərində aparılan karbon testləri bu əsərlərin təxminən 14 min il əvvəl çəkildiyini göstərir. Nio mağarasındakı rəsmlər 1906-cı ildə aşkar edilmiş və o zamandan bu yana da təfsilatlı olaraq tədqiq edilir. Mağaranın ən bəzəkli hissəsi “Qara salon” olaraq adlandırılan qaranlıq bir yerdə yerləşən yüksək bir oyuqdan ibarət küncdür. Bizon, at, maral və dağ keçisi rəsmlərinin olduğu bu bölümlə əlaqəli olaraq “Müasir insanın mənşəyi” kitabında Rocer Levin belə şərh vermişdir: “… kompozisiyaların yaradılması zamanı yaradıcılıq və şüurun təsiri müşahidə edilir”.(Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, səh. 193)
Bu rəsmlərlə əlaqədar alimlərin diqqətini cəlb edən ən vacib ünsürlərdən biri də istifadə edilən boya texnikasıdır. Aparılan araşdırmalar bu rəsmlərdə təbii və yerli qaynaqların bir yerə toplayaraq xüsusi qarışıqların əldə edildiyini göstərir. Şübhəsiz ki, bu ibtidailikdən təzəcə çıxmış varlıqların edə bilməyəcəyi düşünmə, planlaşdırma və istehsal bacarığının göstəricisidir. Rocer Levin bu boyama texnikasını belə izah edir:
Boyanın düzəldilməsində istifadə edilən maddələr (piqmentlər) və mineral aşqarlar, Üst Paleolit dövrünün insanları tərəfindən seçilərək xüsusi bir qarışıq əldə etmək üçün 5-10 mikronadək xırdalanırdı. Qara rəngli boya təxmin edildiyi kimi, odun kömürü və manqan 4-oksid idi. Lakin diqqət ən çox aşqarlar üzərinə yönəlmişdi. Aşqarlar, yəni doldurma materialları daha çox rənglərə canlılıq verdiyi kimi, adından da göründüyü kimi, boyanın qatılaşmasını da təmin edir. Dörd müxtəlif növü olduğu müəyyən edilən bu maddələri tədqiqatçılar birdən dördə qədər sıralamışlar: Talk, barit, qələvi çöl şpatı və biotit (mika) tərkibli qələvi çöl şpatı. Klots və dostları bu aşqarları özləri də sınaqdan keçirmiş və çox effektiv olduğunu görmüşlər.(Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, səh. 193)
Göründüyü kimi, istifadə edilən texnika olduqca inkişaf etmişdir. Bu da açıq şəkildə həqiqəti bir daha əks etdirir: keçmişdə ibtidai adlandırılan hər hansı varlıq yaşamamışdır. İnsan ilk olaraq var olduğu gündən bəri düşünmə, danışma, anlama, qavrama, qiymətləndirmə, plan qurma və istehsal qabiliyyəti olan üstün bir varlıqdır. Şəkilləri rəngləmək üçün aşqardan istifadə edən, bu aşqarları hazırlamaq üçün tarik, barit, kalium çöl şpatı və biotit kimi kimyəvi maddələri birləşdirən insanların guya meymunluqdan yeni çıxmış, hələ mədəniləşməmiş varlıqlar olduqlarını iddia etmək ağıla və məntiqə ziddir.
LASKO (LASCAUX) MAĞARALARINDA 16.500 İLLİK ASTRONOMİYA XƏRİTƏLƏRİ
Münhen Universitetindən tədqiqatçı dr. Mixael Rappenqlük (Micheal Rappenglueck) Lasko mağaralarında apardığı tədqiqatlar nəticəsində bu mağaraların divarlarında olan rəsmlərin astronomik məna daşıya biləcəklərini müəyyən etmişdir. Mağaranın divarlarında olan fiqurlar fotoqrammetriyadan istifadə edilib kompyuter vasitəsilə bir daha təkmilləşdirilmiş və əmələ gələn həndəsi çertyoj dairələrin, bucaqların və düz xətlərin hər birinin bir məna kəsb etdiyini göstərmişdir. Kompyuter vasitəsilə həyata keçirilən hesablamalara ekliptik əyrilik, gecə-gündüz bərabərliyi ilə öz oxu ətrafında dönməsi, ulduzların nizamlı hərəkətləri, Ayın və Günəşin diametrinin və radiusunun ölçüləri, kainatdakı bütün sınma və sıxılmalarla əlaqədar bütün mənalar əlavə edilmişdir. Aparılan tədqiqatlar nəticəsində bu çertyojların bəzi ulduz topalarına və Ayın müəyyən hərəkətlərinə işarə etdiyi aydın olmuşdur. BBC kanalı elm və texnika bölümünə aid mövzu ilə əlaqədar aşağıdakı məlumatları vermişdir:
Mərkəzi Fransada tapılan Lasko mağaralarındakı məşhur divar rəsmlərində tarixdən əvvəlki dövrə aid (gecə vaxtı) göyün xəritəsi kəşf edildi. 16.500 illik tarixə sahib olduğu təxmin edilən xəritə bugünkü günümüzdə yay üçbucağı (summer triangle) olaraq tanınan üç parlaq ulduzu göstərir. Laskodakı cizgilər arasında, ayrıca olaraq, Pleyada ulduz kəhkəşanının da xəritəsi tapıldı… 1940-cı illərdə kəşf edilən divarlar atalarımızın sənət qabiliyyətlərini göstərirdi. Lakin bu gün artıq sözü gedən rəsmlərin atalarımızın elmi biliklərinin səviyyəsini də göstərdiyi aydın olmuşdur. (Dr. David Whitehouse, “Ice Age Star Map Discovered,” BBC News, 9 avqust 2000)
Darvinistlərin iddialarına görə, bu rəsmləri çəkənlər guya ağacdan təzəlikcə enən, zehinləri təkmilləşməkdə olan varlıqlardır. Lakin həm bu rəsmlərin sənətkarlıq baxımından dəyəri, həm də son tədqiqatların göstərdiyi nəticələr təkamülçülərin bu iddialarını əsassız edir. Sözü gedən rəsmləri çəkənlər həm üstün estetika anlayışına, həm mütərəqqi sənətkarlıq texnikasına, həm də tədqiqatların göstərdiyinə görə elmi məlumata sahib olan insanlardır.
ŞİMALİ AFRİKADA QAYADA QABARTMALAR (RELYEF TƏSVİRLƏR) VƏ QAYA ÜSTÜ RƏSMLƏR TƏKAMÜLÇÜLƏRİ HEYRƏTƏ GƏTİRİR
Təxminən 7 min illik olan bu zürafə formalı qabartmalar görənlərə sürünün hərəkətdə olduğu hissini verən mükəmməllikdə canlandırılmışdır. Bu əsərin düşünmə qabiliyyətinə malik, mühakimə etməyi bacaran, öz fikirlərini ifadə edə bilən, istehsal qabiliyyətli, incəsənət haqqında anlayışlı insanlar tərəfindən ərsəyə gətirildiyi çox açıq görünür.
Daha bir misal, təxminən 7 min illik bu rəsmdə, musiqi alətində ifa edən bir insan görünür. Yandakı digər şəkildə isə, Botsvanada yaşayan Dzu adlı yerli əhalidən bir nəfərin buna bənzər musiqi alətində ifadə etdiyini görürük. 7 min il əvvəl istifadə edilən bir musiqi alətinə çox oxşayan alətin bugünkü gündə də istifadə edilməsi diqqət çəkir. Bu darvinistlərin iddiasını məhv edən misallardan biridir. Darvinizmin iddia etdiyi kimi mədəniyyət həmişə inkişaf etmir, bəzən də minlərlə il eyni qalır. Bu adam 7 min il ərzində var olan bir musiqi alətini istifadə etməyə davam edərkən, dünyanın o biri ucunda ən son musiqi alətləri ilə simfoniyalar bəstələnir və hər iki mədəniyyət eyni dövrə aiddir.