“Panspermiya” fərziyyəsi nə üçün doğru deyil?

Kosmosda həyatın izləri varmı? Bəlkə Yer üzündəki həyat kosmosun və ya yadellilərin məhsuludur? Bu və bənzəri suallar eradan əvvəlin yunan fəlsəfəsindən tutmuş bu günün tədris planına qədər özünə yer etmiş suallardır. Bu kimi düşüncələrin məcmusunu isə panspermiya fərziyyəsi daxilində incələmək lazım gəlir. “Panspermiya” fərziyyəsi, məna etibarilə, həyatın “toxumları”nın bütün kainata səpələnmiş olduğunu və bu toxumların müxtəlif planetlərə (Yer kürəsi də daxil olmaqla) yayılaraq həyata başlanğıc verdiyini irəli sürür. Belə ki, fərziyyəyə əsasən, bakteriya kimi orqanizmlər kometlər və ya asteroidlər vasitəsilə bir planetdən digər planetə səpələnir və uyğun şəraitə düşmüş bu bakteriyalar təkamül keçirərək həmin planetdə həyatın çiçəklənməsinə yol açır. Bu iddianı isə müxtəlif əsrlərin bir çox nüfuzlu elm adamları qəbul etmişdi. Lakin sonradan aparılan tədqiqatlar və yürüdülən çox sadə məntiqlər belə bu hipotezin neçə puç bir ideyadan ibarət olduğunu ortaya qoyacaqdı…

 

İstilik və Zərərli Şüalar

Panspermiya fərziyyəsini müdafiə edən ateistlərin unutduqları, daha dəqiq desək, görməzdən gəldikləri ən mühüm nüanslar isə Yer kürəsinə çatana qədər varlığı iddia edilən “toxumlar”ın məhv olacaq olmasıdır. Bu nüansların ilki budur ki, təqribi hesablamalara görə, Yer atmosferinə daxil olan bir meteoroidin aldığı temperatur 2000 dərəcə selsiyə qədər qalxır. Nəzərə alsaq ki, hal-hazırda yer üzündə yaşayan istiyə ən dözümlü canlılar (su ayıcıqları) maksimum 151 dərəcə selsiyə tab gətirirlər, bu zaman həyat “toxumları”nın meteoritlərlə yer üzünə gəlməsi fikri ağıla və məntiqə sığmayacaq. Yer üzünə gəlsələr belə, kömür gübrələrdən fərqsiz qalacaqlar.

Təkamülçülər bəzən meteoritdəki temperaturun “həyat toxumları”nın yer üzünə gəlməsinə mane olmadığını deyirlər. Bunu da meteoritin daxilindəki temperaturun səthinə nisbətən çox aşağı olması və toxumların meteoritin nüvəsində yer üzünə gələ biləcəyi ilə izah etməyə çalışırlar. Halbuki meteoritin daxili temperaturu aşağı olsa belə, öldürücü şüalar onun nüvəsinə qədər nüfuz edə bilir. Beləliklə də, sadəcə bu belə həyatın bir planetdən digərinə transportasiyasını imkansız hala gətirir. İndi isə bu kriteriyaya nəzər salaq:

Gözardı edilən bu mühüm problem bütün kosmosa yayılan zərərli şüalardır. Müəyyən tezlikdəki dalğalar vardır ki, bunlar canlı orqanizmləri dərhal məhv edir. Günəş kimi ulduzlar bu ölümcül dalğaların əsas mənbəyidir, lakin Yer kürəsi Van Allen qurşağı, ozon qatı kimi xüsusi yaradılmış təbəqələrlə qorunduğu üçün bu şüaları keçirmir. Kosmosda müdafiəsiz qalmış meteoroidlərdə isə hər hansı bir canlı orqanizm daşınsa da, bu nüfuzedici şüaların təsirində həmin canlı dərhal ölərdi. Məşhur rus alimi Georqiy Qamov bu məsələni belə izah edir:

 

“Kosmosda səyahət edən sporları (toxumları) gözləyən və donaraq ölməkdən daha ciddi bir təhlükəni unutmaz olmaz. Hamıya yaxşı məlumdur ki, Günəşdən əhəmiyyətli miqdarda ultrabənövşəyi şüalar yayılmaqdadır.  Yer üzünü əhatə edən atmosfer təbəqəsinin çox az bir qismini keçirdiyi bu şüalar kosmosun boşluğu içində özlərini mühafizə edəcək qoruyucu mexanizmləri olmayan bu mikroorqanizm sporları üçün ən böyük təhlükədir və onları bir anda öldürə biləcək qədər güclüdür. Buna görə də bakteriyaların xəyali səyahəti hələ ən yaxın planetə belə çatmadan onların ölümü ilə nəticələnəcəkdir. 1966-cı ildə aparılan bir araşdırmanın nəticəsi “kosmosdan gəlmə” hipotezinin tamamilə tərk edilməsinə gətirib çıxarmışdır. “Cemini-9” adlı kosmik gəminin xarici səthinə xüsusilə seçilmiş ən dözümlü mikroorqanizmlər yerləşdirilib kosmosa buraxılmışdı.  Aparılan incələmələr sonrasında bunların hamısının yeddi saat belə keçmədən məhv olduğu görüldü. Halbuki bu hipotezə əsasən, həyatı başlatdığı iddia edilən bakteriyaların səyahəti illərlə çəkməli idi”.1

Bütün bu kriteriyaları hesaba aldıqdan sonra “kosmosdan gəlmə” hipotezinin bir fantaziyadan ibarət olduğunu görürük. Təkamülçülər və materialistlər sırf bir Yaradıcının varlığını inkar etmək üçün belə gülünc fikirlərlə ortaya çıxırlar. Lakin yaradılış həqiqətini panspermiya ilə ört-bas etməyə çalışarkən təkamülçülərin çox bəsit bir məntiq xətasına yol verdiklərini asanlıqla görmək mümkündür. Belə ki, “həyat kosmosdan gəldi” deyən təkamülçülərin etdiyi şey, sadəcə olaraq, “həyat necə yarandı?” sualının cavabını bir mərhələ geri çəkməkdir. “Həyat kosmosdan gəldi”sə bəs onda kosmosdakı həyatı kim yaratmışdı? Müasir elmin işığında görürük ki, həyat yer üzündə üstün ağıla sahib bir Varlıq tərəfindən, elm adamlarının dili ilə desək, “Ağıllı Dizayner” tərəfindən yaradılmışdır. Nə vaxtsa kosmosun hər hansı bir nöqtəsində həyatın izlərinə rast gəlinsə, bunların da mövcudluğu yalnız “Ağıllı Dizayner”in yaratması ilə açıqlana bilər. Təkamülçülər isə bu açıq həqiqəti ön-mühakimələrindən dolayı heç bir şəkildə qəbul edə bilmirlər. Amma elmi dəlillər qarşısındakı acizliklərini üstüörtülü də olsa etiraf edirlər. Məşhur amerikalı jurnalist Ben Steyn dünyanın ən öndə gedən darvinisti sayılan Riçard Dokinzlə müsahibəsi zamanı həyatın necə başladığı sualını vermiş, müsahibi isə “hər kəs kimi mən də bilmirəm” deyə cavablamışdı.2 Çıxılmaz vəziyyətdə qaldığın görən Dokinz isə irəliləyən dəqiqələrdə yer üzündəki həyata “yadellilər”in müdaxilə etdiyini söyləyəcək qədər irəli getdi. Bu isə, materialist doqmanın “alim” adı daşıyan insanları necə ağlasığmaz düşüncələrə yönəldə biləcəyini göstərirdi.

Təkamülçülərin yol verdikləri digər məntiq xətası isə budur ki, onlar həyatın kosmosdan yer üzünə gəlişi ilə bütün problemin həll olunduğunu zənn edirlər. Halbuki belə bir hadisə baş vermiş olsa belə, bəs həmin “ilkin canlı”dan hal-hazırda dünyada yaşayan 8,7 milyon növdəki canlı necə əmələ gəlmişdi? Aradan keçən milyard illər ərzində bütün bu müxtəliflikdəki canlı aləm necə törəmişdi? Təkamülçülər bu prosesi mutasiya və təbii seçmə mexanizmləri ilə açıqlamağa çalışırlar. Halbuki bu gün elə bir elm adamı yoxdur ki, mutasiyaların yaratma gücünün olduğunu və ya təbii seçmənin təkamülə yol açdığını göstərə bilsin. Mutasiyaların və onları izləyən təbii seçmə prosesinin heç bir zaman təkamül mexanizmi olmadığı artıq onillərdir ki, məlumdur.

Beləliklə, elmi icma artıq 40 ilə yaxındır ki, Allah inancına yönəlməyə davam edir və inanclı, darvinizmi təkzib edən alimlərin siyahısı gün keçdikcə uzanır. Yer üzündəki canlıların qüsursuz yaradılışları, bütün təbiətə və kainata hakim olan incə əyar və ahəngdarlıq, qızıl nisbət, simmetriya, riyazi incəlik onları buna vadar etməkdədir. Yer üzündəki həyat kosmosun və ya hansısa “yadelli”nin məhsulu deyil, bütün aləmlərə hakim olan Allahın yaratma sənətidir.

Mənbələr:

  1. Musa Özet, Osman Arpacı, Ali Uslu, “Biyoloji 3”, “Sürat” Nəşriyyatı, Avqust 1999, səh. 254
  2. “Ben Stein vs Richard Dawkins”, 2009, youtube.com
Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)