Kainatdakı fiziki qanunlar dörd əsas qüvvə üzərində işləyir. Bunlar cazibə qüvvəsi, elektromaqnit qüvvəsi, güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsidir. Bu qüvvələrin ölçüləri isə kainatın indiki formada mövcud olması və həyata uyğun olması üçün mükəmməl həssaslıqla nizamlanıb.
Kainatdakı nizama təsir edən ən əsas qüvvələrdən biri cazibə qüvvəsidir (qravitasiya). Nyuton bu qüvvənin təkcə almaları ağacdan salan deyil, eyni zamanda, planetləri də orbitlərində saxlayan qüvvə olduğunu demişdi. Eynşteyn isə mövzuya daha da dərinlik qazandırıb cazibə qüvvəsinin nəhəng ulduzları necə içinə çökdürüb qara dəliklərə çevirdiyindən bəhs etmişdi. Həqiqətən də, cazibə qüvvəsi kainatın ən kritik qüvvələrindən biridir. Kainatın genişlənməsini tənzimləyən qüvvə də cazibə qüvvəsidir.
Cazibə qüvvəsi yaşadığımız kainatın əmələ gəlməsinə imkan verən sabit dəyərə malikdir.
Əgər cazibə sabiti indikindən bir az artıq olsaydı, ulduzlar daha qısa müddətdə əmələ gələr və kosmosdakı ən kiçik ulduzun belə kütləsi bizim Günəşimizdən ən az 1.4 dəfə böyük olardı. Bu cür böyük ulduzlar isə o qədər sürətlə və qeyri-sabit yanır ki, ətraflarındakı planetlərdə həyat üçün faydalı şərtlərin əmələ gəlməsi qeyri-mümkün olur. Həyat üçün ancaq bizim Günəşimiz böyüklüyündə ulduzlara ehtiyac var. Habelə, cazibə sabiti indikindən bir az çox olsaydı, kainatdakı böyük ulduzların hamısı qara dəliyə çevrilərdi. Ən kiçik planetlərdəki cazibə qüvvəsi o qədər güclü olardı ki, həşəratlardan böyük heç bir cisim ayaqda dura bilməzdi.
Digər tərəfdən, əgər cazibə sabiti daha az olsaydı, onda da kosmosdakı bütün ulduzların kütləsi bizim Günəşimizdən 0.8 dəfə az olardı. Bu kiçik ulduzlar nə qədər uzun və sabit yansalar da, planetləri və canlılar aləmini əmələ gətirən ağır elementlər əmələ gəlməzdi. Çünki dəmir və ağır elementlər ancaq nəhəng ulduzların nüvəsində hasil edilir və ancaq bu cür ağır ulduzlar berillium və daha ağır elementləri ulduzlararası fəzaya yayırlar. Bu cür ağır elementlər isə planetlərin və həyatın olması üçün zəruridir.
Göründüyü kimi, cazibə qüvvəsində kiçik dəyişikliklər həyatın, dolayısı ilə, bəşəriyyətin əmələ gəlməsinə birbaşa təsir edir. Cazibə qüvvəsindəki böyük dəyişikliklər isə bütünlükdə kainatın yox olmasına səbəb olar. Cazibə qüvvəsi bir az artsa, kainat genişlənmədən içinə çökər, bir az azalsa, heç bir ulduz və qalaktika əmələ gəlməz.
Ancaq bu gün Yer kürəsində yaşamağımız onu göstərir ki, bu xoşagəlməz ehtimalların heç biri baş verməyib. Əksinə, kainatın hər detalı qüsursuz plan və müvazinətlə yaradılıb. Sonsuz qüdrət sahibi olan Allah yaşadığımız kainatı qeyri-adi “möcüzələr zənciri” ilə tam uyğunluqla yaratmışdır.
Kainatdakı qüvvələr arasındakı müvazinət
Cazibə qüvvəsindən sonra universal qanunları tənzimləyən digər qüvvələri təhlil etdikdə bu qüvvələrin də çox həssas nizamlandığını və kritik ölçüdə olduğunu görürük.
Elektromaqnit qüvvəsi
Məlum olduğu kimi, canlı-cansız bütün varlıqlar atom adlanan əsas quruluş vahidindən əmələ gəlir. Atom nüvəsində proton adlanan zərrəciklər və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan təşkil olunmuşdur. Bir atomun nüvəsindəki proton sayı həmin atomun növünü müəyyən edir. Məsələn, 1 protonu olan atoma hidrogen atomu, 2 protonu olan atoma helium atomu, 26 protonu olan atoma dəmir atomu deyilir. Bu, bütün digər elementlərə də aiddir.
Atomun nüvəsindəki protonlar müsbət, ətrafında fırlanan elektronlar isə mənfi elektrik yüklüdürlər. Proton və elektronun əks elektrik yükü aralarında cazibə əmələ gətirir və bu cazibə elektronları atom nüvəsinin ətrafındakı orbitlərdə saxlayır. Əks elektrik yüklü proton və elektronları bir-birinə bağlayan bu qüvvəyə elektromaqnit qüvvəsi deyilir.
Atomun nüvəsinin ətrafındakı elektron orbitlərinin xüsusiyyətləri atomların öz aralarında hansı rabitələr quraraq nə cür molekullar əmələ gətirəcəyini müəyyən edir.
Kainatdakı dörd əsas qüvvədən biri olan elektromaqnit qüvvəsinin dəyəri daha az olsaydı, az miqdarda elektron nüvənin ətrafındakı orbitlərdə qalardı. Bu qüvvə bir az çox olsaydı, onda da heç bir atom digər atomlarla birləşmək üçün orbitini paylaşa bilməzdi. Hər iki halda həyat üçün lazımlı molekullar əmələ gəlməzdi.
Güclü nüvə qüvvəsi
Güclü nüvə qüvvəsi atomun nüvəsindəki protonları və neytronları birlikdə saxlayan qüvvədir. Bir az əvvəl bəhs etdiyimiz kimi, protonlar müsbət elektrik yüklü zərrəciklərdir. Elektromaqnit qanununa əsasən, əks elektrik yüklü zərrəciklər bir-birlərini cəzb edir, eyni elektrik yüklü zərrəciklər isə bir-birlərini itələyir. Yəni elektron və protonlar bir-birini cəzb edir, protonlar isə digər protonları, elektronlar da elektronları itələyir.
Bir çox atom növünün nüvəsində onlarla proton bir-birinə bitişik yerləşir. Təbii olaraq bu protonlar birləşən kimi böyük enerji ilə bir-birini itələməli və uzaqlaşaraq dağılmalı idilər. Ancaq belə olmur, atomun nüvəsindəki protonlar bir-birinə bitişik şəkildə dururlar. Çünki onları bir-birinə bir növ yapışdıran və elektromaqnit itələmə qüvvəsindən daha güclü olan bir qüvvə var: güclü nüvə qüvvəsi.
Güclü nüvə qüvvəsi kainatdakı ən güclü qüvvədir. Bu qüvvənin gücünü atom bombalarında, hidrogen bombalarında görmək olar. Bu enerjinin mənbəyi Günəşin 4.5 milyard ildən bu günə qədər sərf etdiyi və bundan sonra da sərf edəcəyi 5 milyard illik yanacağa bərabərdir. Güclü nüvə qüvvəsi sabitinin ölçüsündə 0.01 azalma və ya artma olsaydı, həyatın ən əsas elementi olan karbon mövcud olmazdı. Nüvə qüvvəsinin ölçüsündə bir az çox dəyişiklik isə bütün fiziki qanunların dəyişməsinə və kainatdakı müvazinətin və nizamın alt-üst olmasına səbəb olardı.
Atom nüvəsini birlikdə saxlayan bu güclü nüvə qüvvəsi ilə digər universal qüvvə olan elektromaqnit qüvvəsi arasındakı nisbət də çox həssas ölçülərlə tənzimlənmişdir.
Əgər güclü nüvə qüvvəsi bir az zəif olsaydı, yuxarıda bildirdiyimiz kimi, atom nüvəsini təşkil edən protonlar birlikdə dayanmaz və elektromaqnit qüvvəsinin təsiri ilə bir-birlərini itələyərək kosmosa dağılardı. Belə olduqda, nüvəsində 1-dən çox proton olan heç bir atom olmazdı. Ona görə, kainatdakı yeganə element bir protonlu hidrogen olardı.
Əgər güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən bir az güclü olsaydı, bu dəfə də kainatda bir protonlu atomlar, yəni hidrogen atomları mövcud olmazdı. Çünki nüvə qüvvəsi elektromaqnit qüvvəsindən güclü olduğuna görə kainatdakı bütün protonlar bir-birinə birləşər və bir protonu olan hidrogen atomları əmələ gəlməzdi. Bu halda, ulduzlar və qalaktikalar əmələ gəlsəydilər də, indiki quruluşda olmazdılar. Açığı, əgər bu əsas qüvvələr və fiziki dəyişənlər indiki ölçüdə olmasaydılar, heç bir ulduz, ifrat yeni ulduz, planet və atom əmələ gəlməzdi. Nəticədə də həyat olmazdı. (Michael Denton, Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, səh. 12-13)
Zəif nüvə qüvvəsi
Kainatdakı digər əsas qüvvə olan zəif nüvə qüvvəsi də həssas nizamlanmış ölçüdədir. Zəif nüvə qüvvəsi bəzi subatom zərrəciklərin daşıdığı, radioaktiv parçalanmaya səbəb olan qüvvədir. Zəif nüvə qüvvəsinin səbəb olduğu radioaktiv parçalanmaya misal olaraq neytronların bir proton, bir elektron və bir antineytrino əmələ gətirərək parçalanmasını göstərə bilərik.
Buradan da başa düşüldüyü kimi, atomun nüvəsindəki əsas zərrəciklərdən biri olan neytron sadaladığımız digər 3 zərrəciyin birləşməsindən əmələ gəlir. Zəif nüvə qüvvəsi isə yuxarıda bildirdiyimiz kimi, neytronların bu zərrəciklərə parçalanmasına səbəb olur. Lakin zəif nüvə qüvvəsinin ölçüsü bu prosesi müvazinətdə saxlamaq üçün həssaslıqla nizamlanmışdır.
Əgər zəif nüvə qüvvəsi bir az güclü olsaydı, neytronlar daha asan parçalanar və kainatda nadir hallarda mövcud olardılar. Bu təqdirdə də Biq Bənqdən etibarən nüvəsində 2 neytron olan çox az helium əmələ gələr və ya heç əmələ gəlməzdi. Məlum olduğu kimi, helium hidrogendən sonra ən yüngül ikinci elementdir. Lazımi qədər helium olmadıqda isə həyat üçün zəruri olan ağır elementlər ulduzların nüvəsində hasil edilməzdi. Çünki karbon, oksigen, dəmir kimi ağır elementlər helium nüvəsinin nəhəng ulduzların mərkəzində bir-biri ilə birləşməsi nəticəsində əmələ gəlir. Yəni helium bir növ digər elementlərin quruluş vahididir. Ona görə, helium olmasaydı, həyat üçün zəruri ağır elementlər əmələ gəlməzdi.
Digər tərəfdən, əgər zəif nüvə qüvvəsi bir az zəif olsaydı, Biq Bənq hidrogenin çoxunu, hətta hamısını heliuma çevirər və nəticədə ulduzlarda hasil edilən ağır metalların sayı həddindən çox artardı. Bu təqdirdə, həyat olmazdı.
Zəif nüvə qüvvəsinin həssas ölçüsünü kritik edən ünsürlərdən biri də bu qüvvənin neytrino adlanan subatom zərrəciklərə təsiridir. Neytrinolar ulduzların nüvəsində əmələ gələn və həyat üçün zəruri olan ağır elementlərin ifrat yeni ulduz partlayışları ilə kosmosa atılmasında əsas rol oynayırlar. Neytrinolara təsir edən yeganə universal qüvvə zəif nüvə qüvvəsidir.
Əgər zəif nüvə qüvvəsi daha zəif olsaydı, ifrat yeni ulduzlar cazibə sahəsinə düşmədən sərbəst hərəkət edərdi. Nəticədə isə ifrat yeni ulduz partlayışı zamanı ulduzun xarici təbəqələri ilə kifayət qədər reaksiyaya girmədən qaçar, bu da ağır elementlərin kosmosa atılmasının qarşısını alardı. Əgər zəif nüvə qüvvəsi bir az güclü olsaydı, neytrinolar ifrat yeni ulduzların mərkəzlərində cəzb olunub qalar və həyatın quruluş vahidi olan ağır elementlər kosmosa atılmazdı.
Pol Devis kainatdakı əsas fiziki qanunların insan həyatı üçün ən uyğun şəkildə müəyyən edildiyini, əgər kainatdakı qüvvələrin ölçüsü bir az fərqli olsa, kainatın fərqli quruluşda olacağını bildirir və belə yazır:
“Böyük ehtimalla, onu görmək üçün biz burada olmayacaqdıq… İnsan kosmologiyanı tədqiq etdikcə ağlasığmazlıq daha da artır. Kainatın başlanğıcı haqqındakı son kəşflər genişlənən kainatın heyranedici həssaslıqla nizamlandığını göstərir”. (Paul Davies. The Accidental Universe, Cambridge: Cambirdge University Press, 1982, Önsöz).
Biq Bənqin böyük dəlili olan kosmik fon radiasiyasını ilk dəfə Robert Uilson ilə birlikdə müşahidə edən və 1965-ci ildə buna görə Nobel mükafatı qazanan Arno Penzias isə kainatdakı qeyri-adi nizamla bağlı belə izah verir:
“Astronomiya bizə qeyri-adi hadisəni göstərir: heç yoxdan yaradılmış kainat. Həyatın əmələ gəlməsinə imkan verən lazımi şərtləri tam təmin edən həssas müvazinətlə qurulmuş, bu məqsədə xidmət elən planlı kainat”. (Hugh Ross, The Creator and the Cosmos: How Greatest Scientific Discoveries of The Century RevealGod, Colorado: NavPress, revised edition, 1995, səh. 122-123.)
Kolumbiya Universitetindən nəzəri fizika professoru Robert Yastrov (Robert Jastrow) da bu labüd həqiqəti: “Fiziklərin və astronomların fikrincə, kainat məhz insanın yaşaması üçün çox dar ölçülər intervalında inşa edilmişdir. Bu fakt antropik prinsip (anthropic principle) adlanır. Mənim fikrimcə, bu, elmin bu günə qədər gəldiyi ən metafizik nəticədir2”(Jastrow, R. 1978. God and the Astronomers. NewYork, W.W. Norton, səh. 116) -şəklində ifadə edir.
Buraya qədər ətraflı izah etdiyimiz kimi, kainatdakı qüvvələrin həm öz ölçüsü, həm də bir-birlərinə görə müvazinəti təsadüflə əsla açıqlanmayacaq qədər möcüzəvidir. Kainatda gördüyümüz müvazinətlərin ölçüsündə 0.01-0.02 % fərq olmaması bu qeyri-adi vəziyyəti göstərir. Üstəlik, bu müvazinətlərin dünya əmələ gəldiyi andan bəri heç dəyişməməsi, eyni həssas əyarların qorunması, əsla xəta baş verməməsi qeyri-adiliyi daha da vurğulayır. Yuxarıdakı elm adamlarının da ifadə etdiyi kimi, bütün bunlar kainatın “həssaslıqla nizamlandığını” və “həssas müvazinətlə qurulduğunu” sübut edir. Əlbəttə, belə möcüzəvi müvazinətin təsadüfən, öz-özünə əmələ gəldiyini, öz-özünü nizamladığını iddia etmək ağılsızlıq olar. Bu qüsursuz müvazinət sonsuz elm və qüdrət sahibi Yaradan tərəfindən qurulmuş və nizamlanmışdır.
Leave a Reply