Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlarla müqayisədə orta ölçülü ulduz olan Günəşin ətrafında fırlanan 8 planetdən və bu planetlərin peyklərindən ibarətdir. Yer sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Əvvəlcə, bu sistemin böyüklüyünü qavramağa çalışaq. Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12200 km olan Yeri kürəcik ölçüsündə kiçiltsək, Günəş də futbol topundan iki dəfə böyük olan kürə olar. Ancaq ən qəribəsi aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün kürəcik ölçüsündəki Yerlə top böyüklüyündəki Günəşin arasında 280 m məsafə qoymalıyıq. Günəş sisteminin ən kənarında yerləşən planetləri isə kilometrlərlə uzaqda yerləşdirməliyik.
Ancaq bu qədər nəhəng ölçüdə olan Günəş sistemi yerləşdiyi Südyolu qalaktikası ilə müqayisədə çox kiçikdir. Çünki Südyolu qalaktikasında Günəş kimi və əksəriyyəti ondan böyük olan təqribən 250 milyard ulduz var. Bu ulduzların arasında Günəşə ən yaxın olanı Alfa Sentavrdır. Əgər Alfa Sentavrı bir az əvvəl müqayisə apardığımız modelə, yəni Yerin kürəcik böyüklüyündə və Günəşlə Yer arasındakı məsafənin 280 m olduğu modelə yerləşdirsək, onu Günəşdən 78.000 km uzaqda yerləşdirməliyik!
Modeli bir az da kiçildək. Yeri çətinliklə görünən toz zərrəciyi boyda edək. Onda Günəş qoz böyüklüyündə olar və Yerdən 3 m uzaqlıqda yerləşər. Bu modeldə Alfa Sentavrı Günəşdən 640 km uzaqda yerləşdirməliyik. Südyolu qalaktikasında aralarında məhz bu qədər böyük məsafələr olan 250 ulduz var. Spiral formasında olan bu qalaktikanın qollarından birində bizim Günəşimiz yerləşir.
Ancaq maraqlıdır ki, kosmosu ümumilikdə götürdükdə Südyolu qalaktikası da çox kiçik yer tutur. Çünki kosmosda başqa qalaktikalar da var, həm də təxminlərə görə təqribən 300 milyard qalaktika var!.. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəşlə Alfa Sentavr arasındakı məsafədən milyon dəfələrlə böyükdür.
Göy cisimlərinin kosmosda yerləşməsi və aralarındakı nəhəng məsafələr Yerdə canlı həyatın mövcud olması üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox universal qüvvə ilə uyğun hesabla nizamlanmışdır. Bu məsafələr planetlərin orbitlərinə, hətta planetlərin özünə birbaşa təsir edir. Bu məsafələr daha az olsaydı, ulduzlar arasındakı cazibə qüvvəsi planetlərin orbitlərini qeyri-sabit edərdi. Bu qeyri-sabitlik isə planetlərdə kritik temperatur dəyişikliklərinə səbəb olardı. Əgər məsafələr bir az çox olsaydı, supernovalarla kosmosa atılan ağır elementlər az yayılar və Yer kimi dağlıq planetlər əmələ gəlməzdi. Ulduzlar arasında hazırkı məsafələr Yer kimi planet sisteminin mövcud olması üçün ən ideal ölçüdədir.
Yer kürəsi kosmosun nəhəng boşluğunda qumsaldakı bir qum dənəciyi qədər belə yer tutmur. Kainat insanın qavramayacağı qədər böyükdür.
Məşhur biokimya professoru Maykl Denton da “Təbiətin taleyi” adlı kitabında belə yazır:
“İfrat yeni ulduzlar və əslində, bütün ulduzlar arasındakı məsafələr kritik ölçüdədir. Qalaktikamızda ulduzların bir-birlərindən orta məsafəsi 30 milyon mildir. Əgər bu məsafə daha az olsaydı, planetlərin orbitləri qeyri-sabit olardı. Əgər bir az artıq olsaydı, ifrat yeni ulduzun yaydığı maddə o qədər dağınıq olardı ki, bizimkinə bənzər planet sistemləri böyük ehtimalla əsla əmələ gəlməzdi. Əgər kainat həyat üçün uyğun məkan olacaqsa, ifrat yeni ulduz partlayışları müəyyən miqdarda baş verməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı məsafə müəyyən ölçüdə olmalıdır. Bu məsafə hal-hazırda mövcud olan məsafədir”. Michael Denton, Nature’s Destiny, səh. 11.
Prof. Corc Qrinşteyn də bu ağlasığmaz böyüklük haqqında “Simbioz kainat” adlı kitabında belə yazır:
“Əgər ulduzlar bir-birlərinə bir az da yaxın olsaydı, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, dumanlıqlarda (nebula) və digər göy cisimlərində baş verən əsas fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaq bir nöqtədən baxdıqda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Yeganə fərq bu olardı: gecə otların üstündə uzanıb baxdığım göy üzündə daha çox ulduz olardı. Ancaq yox, bağışlayın, bir fərq də olardı: bu mənzərəyə baxan “mən” mövcud olmazdım… Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin şərtidir”. George Greenstein, The Symbiotic Universe. New York: William Morrow, 1988, səh. 21
Qrinşteyn bunun səbəbini də açıqlayır. Kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişkənlərin məhz insan həyatına uyğun formalaşmasını təmin edir. Bundan əlavə, Yerin kosmik fəzada hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasının qarşısını alan amil də göy cisimləri arasındakı böyük boşluqlardır.
Qısası, kainatda göy cisimləri arasındakı məsafələr insan həyatı üçün məhz lazımi ölçüdədir. Nəhəng boşluqlar təsadüfən ortaya çıxmayıb, üstün və bənzərsiz yaradılışın nəticəsidir.
Leave a Reply