Günəş sisteminin qalaktikadakı yeri

Möhtəşəm müvazinəti və ölçüləri ilə yanaşı, Günəş sisteminin Südyolu qalaktikasındakı yeri də qüsursuz yaradılışın nəticəsidir. Orbit qalaktikanın mərkəzindən çox uzaqda, spiral qollardan kənarda yerləşir.

Məlum olduğu kimi, Südyolu qalaktikası spiralvarıdır. Spiralvarı qalaktikalardakı ulduzlar və göy cisimləri qabarıq yuvarlaq mərkəzi və bu mərkəzdən kənara doğru eyni səviyyədə və eyni bucaq altında qıvrılan qolları əmələ gətirəcək şəkildə yerləşirlər. Mərkəzdən çıxan spiral qolların arasında qalan kosmik boşluqda bəzi ulduz sistemləri yerləşir, ancaq bunların sayı həddindən artıq azdır. Bizim Günəş sistemimiz də spiral qolların arasında yerləşən nadir ulduz sistemlərindən biridir.

Bəs Günəş sisteminin spiral qolların arasında olması nə üçün bu qədər vacibdir? 

Əvvəla, yerləşdiyimiz mövqeyə görə spiral qollardakı qazlar və tozlardan uzaq, təmiz, aydın kosmosu görürük. Əgər spiral qollardan birinin içində olsaydıq, belə təmiz, aydın kosmosu görməzdik. Professor Maykl Denton “Təbiətin taleyi” (Nature`s Destiny) adlı kitabında belə yazır:

Çox təəccüblüdür ki, kainat təkcə bizim həyatımıza və bioloji ehtiyaclarımıza deyil, eyni zamanda, bizim onu anlamamıza da həddindən artıq uyğundur… Günəş sistemimizin bir qalaktik qolun kənarında yerləşməsi bizim gecələr göy üzünü tədqiq edərək uzaq qalaktikaları görməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat əldə etməyimizi təmin edir. Əgər qalaktikanın mərkəzində yerləşsəydik, əsla spiralvarı qalaktikanın quruluşunu müşahidə edə bilməz və ya kainatın quruluşu haqqında məlumat əldə edə bilməzdik. (Michael Denton, Nature’s Destiny, s. 262)

Spiral qolların arasında yerləşən ulduzlar normal halda yerlərində uzun müddət qala bilmirlər, spiral qolların içərisinə doğru cəzb olunurlar. Ancaq Günəş sistemimiz son 4.5 milyard ildir qalaktikanın spiral qolları arasındakı sabit orbitində varlığını davam etdirir.

Günəş sisteminin Südyolu qalaktikasın dakı yeri də qüsursuz yaradılışın nəticəsidir. Günəş sistemi qalaktikanın içində fərqli mövqedə yerləşsəydi, Yer kürəsində həyat da olmazdı.

Qalaktikadakı mövqeyimizin sabit olması Günəşin “qalaktik ortaq fırlanma radiusu” (galactic co-rotation radius) adlanan xətt üzərində yerləşən nadir ulduzlardan biri olmasından qaynaqlanır.

Bir ulduz iki spiral qol arasında sabit qalmaq üçün ancaq qalaktika mərkəzindən müəyyən məsafədə, yəni ortaq dövretmə radiusunda olmalı və məhz qalaktika qollarının mərkəz ətrafında fırlandığı sürətlə hərəkət etməlidir.(Mishurov, Y.N. and L.A. Zenina. 1999. “Yes, the Sun Is Located Near the Corotation Circle,” Astronomy and Astrophysics, 341: s. 81-85) Qalaktikadakı milyardlarla ulduz arasında ancaq Günəş bu xüsusi mövqeyə və sürətə malikdir.

Bununla yanaşı, spiral qolların kənarında yerləşdiyimizə görə kainatın ən təhlükəsiz yerindəyik. Çünki ulduzların sıx yerləşdiyi və bu səbəbdən cazibə qüvvələrinin planetlərin orbitlərinə təsir etdiyi bölgələrdən kənardayıq.

Bundan əlavə, ifrat yeni ulduz partlayışlarının öldürücü təsirlərindən də uzaqdayıq. Əks təqdirdə, Yer kürəsi qalaktikanın başqa bölgələrində 4.5 milyard il qədər uzun müddət mövcud olmazdı.

Məhz Günəş sistemimizin xüsusi yaradılması nəticəsində canlılar və təbii ki, bəşəriyyət Yer kürəsində varlığını davam etdirir. İnsanlar ancaq bu sayədə kainatı tədqiq edir və Allah`ın yaratmasındakı bənzərsiz, üstün sənəti və hikmətləri görürlər.

Başqa sözlə, kainatın fiziki qanunları kimi Günəş sisteminin kosmosdakı yeri də kainatın insan həyatı üçün yaradıldığını göstərən açıq-aydın dəlildir.

 

Günəş sistemindəki həssas müvazinətlər

Kainatdakı həssas müvazinət və nizamı açıq-aydın müşahidə etdiyimiz sahələrdən biri də Yer kürəsinin yerləşdiyi Günəş sistemidir. Günəş sistemindəki böyük-kiçik bütün planetlərin bənzərsiz nizamı sistemin 4 milyard ildən artıq sabit quruluşda olmasını təmin etmişdir.

Günəş sistemində 8 planet və bu planetlərin 172 peyki yerləşir. Bu planetlər Günəşlə aralarındakı məsafəyə görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun şəklində sıralanır. Günəş sistemindəki planetlərin və 172 peykin arasında həyata ən uyğun səthi və atmosferi olan yeganə göy cismi Yer kürəsidir.

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin güclü cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəş güclü cazibə qüvvəsinə görə bütün planetləri cəzb edir, planetlər isə fırlanmaları nəticəsində əmələ gələn mərkəzdənqaçma qüvvələri ilə bu cazibədən xilas olurlar. Əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən böyük partlayışla udulardılar.

Bunun əksi də mümkündür. Əgər planetlər daha sürətlə fırlansaydılar, Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar. Ancaq çox həssas müvazinət qurulmuşdur və sistem bu müvazinəti qoruduğu üçün davam edir.

Yer üzündə həyatın mövcud olması üçün Yupiter də bir növ qalxan kimi yaradılmışdır. Yupiter həm nəhəng kütləsi, həm də güclü maqnit sahəsi ilə Yer kürəsini qoruyur. Yupiter sayəsində minlərlə meteoritin yer üzünə düşərək böyük fəlakətlərə səbəb olmasının qarşısı alınır.

Günəş sistemindəki planetlərin kütləsi, ölçüsü və aralarındakı məsafə qüsursuz müvazinət təşkil edir.

Həmçinin hər planet üçün xüsusi müvazinət qurulmuşdur. Çünki planetlərin Günəşlə aralarındakı məsafələri fərqlənir. Habelə, kütlələri də fərqlidir. Bu səbəbdən, hər birinin fərqli fırlanma sürəti müəyyən edilməlidir ki, Günəşə yapışmasınlar və ya Günəşdən uzaqlaşıb fəzaya sovrulmasınlar. Əlbəttə, bütün bu müvazinətlər Günəş sistemindəki planetlərdən biri olan Yer kürəsinə də aiddir.

Bununla yanaşı, son astronomik kəşflər sistemdəki digər planetlərin olmasının Yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, əslində, Yer kürəsinin müvazinətini təmin edir. Astrofizik hesablamalar göstərmişdir ki, Yupiterin orbiti Günəş sistemindəki Yer kimi digər planetlərin orbitinin sabit olmasını təmin edir.

Bir çox ulduz sistemində də Yupiterə bənzər planetlər var. Ancaq bu planetlər həmin sistemi sabitləşdirmir və ya digər planetləri qorumurlar. Vaşinqton Universitetindən dr. Piter D. Uorda deyir:

“Bu gün müşahidə edilən bütün yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir. Və elə olmalıdır, əks-təqdirdə, ya qaranlıq fəzaya, ya da Günəşinizə doğru sovrulardınız”.( Peter D. Ward and Donald Brownlee, “Rare Earth: Why Complex Life is Uncommon in the Universe”)

Yupiterin başqa faydası da budur: Yupiter olmasaydı, çoxlu sayda komet toqquşmaları nəticəsində yer üzündə həyat qalmazdı. Lakin Yupiter nəhəng kütləsinin əmələ gətirdiyi maqnit sahəsi nəticəsində Günəş sisteminə daxil olan meteorit və kometlərin orbitini dəyişdirərək Yer kürəsi ilə toqquşmasının qarşısını alır. Beləliklə, Yer kürəsini qalxan kimi qoruyur.

Yupiterin Yeri qoruyan bu funksiyasını paleontoloq Corc Ueteril “Yupiter nə qədər xüsusidir” adlı məqalədə belə açıqlayır:

“Yupiterin olduğu yerdə bu böyüklükdə planet olmasaydı, Yer planetlərarası boşluqda hərəkət edən meteoritlərə və kometlərə min dəfə çox hədəf olardı… Əgər Yupiter olduğu yerdə olmasaydı, hal-hazırda biz də Günəş sisteminin mənşəyini tədqiq etmək üçün mövcud olmazdıq”. (G.W. Wetherill, “How Special is Jupiter?”, Nature, vol. 373, 1995, s. 470)

Yer-Ay ikili planet sistemi də Günəş sistemindəki müvazinətin qorunmasında mühüm amildir. Yer-Ay sistemi olmasa, Yupiterin böyük kütləsi Merkuri, Venera kimi planetlərin orbitinin qeyri-sabit olmasına səbəb olardı. Belə olduqda, müəyyən müddət sonra Merkuri və Venera planetlərinin orbitləri bir-birinə yaxınlaşardı. Bu isə Merkurinin sistemdən kənara atılmasına, Veneranın da orbitinin dəyişməsinə səbəb olardı. Günəş sisteminin kompyuter simulyasiyasını hazırlayan elm adamları sistemdə milyard illərdir davam edən müvazinətin və sabitliyin ancaq bu planetlərin ideal kütləsi və mövqeyi sayəsində mümkün olduğunu, bu müvazinətdə ən kiçik dəyişikliyin Günəş sisteminin və bəşəriyyətin məhv olmasına səbəb olacağını müəyyən ediblər.

1998-ci ilin noyabr ayında məşhur astronomiya jurnalı “The Astronomical Journal”da dərc olunan son astronomik kəşflərdən birində Günəş sistemindəki qeyri-adi nizam belə vurğulanır:

“Əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli sabitlik və müvazinətin təmin olunması üçün bir növ əsas dizayna ehtiyac olduğunu göstərir”. (Innanen, Kimmo, S. Mikkola, and P.Wiegert. 1998. The Earth-Moon System and the Dynamical Stability of the Inner Solar System. The Astronomical Journal 116: s. 2055-2057)

Qısası, Günəş sisteminin quruluşu da insan həyatı üçün xüsusi tənzimlənmişdir.

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)