Partlayışdan qeyri-adi nizama
Yaşadığımız kainatın təqribən 15 milyard il əvvəl bir nöqtədə meydana gələn böyük partlayış ilə əmələ gəldiyi və genişlənərək indiki formasını aldığı bu gün bütün elm dünyası tərəfindən təsdiqlənən faktdır. Kosmik fəza, qalaktikalar, planetlər, Günəş, Yer, qısası, kainatı təşkil edən bütün göy cisimləri “Biq Bənq” adlanan böyük partlayışla meydana gəlmişdir.
Burada çox böyük sirr var: Biq Bənq partlayış olduğuna görə, bu partlayışdan sonra maddə atom və subatom zərrəciklər şəklində kosmik fəzada kortəbii şəkildə yayılmalı idi. Lakin belə olmamışdır, əksinə, çox sistemli, nizamlı kainat meydana gəlmişdir. Kortəbii şəkildə yayılan maddənin kainatın müəyyən hissələrində toplanıb qalaktikaları, ulduzları və ulduz sistemlərini əmələ gətirməsi elm adamlarının təbiri ilə desək, buğda anbarına atılan əl bombasının buğdaları nizamla bağlamalar şəklində toplayıb üst-üstə yığması qədər, hətta bundan daha da qeyri-adi vəziyyətdir.
Biq Bənq nəzəriyyəsinə uzun illər qarşı çıxmış prof. Fred Hoyl təəccübünü belə ifadə edir:
“Biq Bənq nəzəriyyəsi kainatın bir böyük partlayışla əmələ gəldiyini qəbul edir. Ancaq bildiyimiz kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, Biq Bənq sirli şəkildə bunun tam əksinə təsir meydana gətirib: maddəni bir-biri ilə birləşdirmiş və qalaktikaları əmələ gətirmişdir”. (Fred Hoyle, The Intelligent Universe, London, 1984, s. 184-185.) davamı »
“Əgər təbiətin dərinliklərində baş verən işlərin mürəkkəbliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətin başa düşülürsə, bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?”
Ağılasığmaz hüdudlarıyla insan ağılının qavramaqda çətinlik çəkdiyi kainat yarandığı ilk andan etibarən həssas tarazlıq və nizam daxilində qüsursuz şəkildə varlığını davam etdirir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, nizam və tarazlığı təmin edən qanunların necə çalışdığı bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. 
