Yer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.
Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir.Yerin atmosferi 77% azot, 21% oksigen və 1% karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir. Bu qazlardan ən vacibi olan oksigendən başlayaq. Oksigen çox vacibdir, çünki insan kimi kompleks orqanizmlərə malik canlıların enerji əldə etmək üçün istifadə etdikləri kimyəvi reaksiyaların çoxu oksigen vasitəsilə baş tutur. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbondioksid və enerji ayrılır. Hüceyrələrimizdə istifadə etdiyimiz və ATF (adenozin trifosfat) adlandırılan enerji torbacıqları bu reaksiya nəticəsində əmələ gəlir. Bizim də məhz bu səbəbdən davamlı olaraq oksigenə ehtiyacımız var və bu ehtiyacı təmin etmək üçün tənəffüs edirik.
İşin maraqlı tərəfi budur ki, nəfəs aldığımız havadakı oksigen nisbəti son dərəcə həssas şəkildə tarazlanmışdır. Maykl Denton bu barədə belə yazır:
“Atmosferimiz daha çox oksigenə malik ola və buna baxmayaraq, həyat üçün imkan yarada bilərdi? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə olan oksigenin nisbəti, yəni 21% həyat üçün lazım olan ideal ölçüdədir. 21%-dən artıq olan hər 1%-lik oksigen bir ildırımın meşə yanğınını əmələ gətirmə ehtimalını 70% artıracaqdır.” (Michael Denton, Nature’s Destiny, s. 121)
Atmosferdəki oksigen nisbətinin normada qalması da mükəmməl “geri qaytarma” sistemi sayəsində baş verir. Heyvanlar davamlı olaraq oksigen sərf edirlər və onlar üçün zəhərli olan korbondioksid xaric edirlər. Bitkilər isə bu prosesin tam tərsini həyata keçirirlər və karbondioksidi həyatverici oksigenə çevirərək həyatın davam etməsini təmin edirlər. Hər gün bitkilər tərəfindən milyardlarla ton oksigen bu şəkildə xaric edilərək atmosferə buraxılır.
Bu iki canlı qrupu, yəni bitkilər və heyvanlar əgər eyni reaksiyanı həyata keçirsəydilər, Yer kürəsi çox qısa müddətdə həyat üçün yararsız planetə çevrilərdi. Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen xaric etsəydilər, atmosfer qısa müddətdə “yanıcı” xüsusiyyət qazanar və ən kiçik qığılcım böyük yanğınlar törədərdi. Nəticədə də Yer böyük “balon partlayışı” ilə yanaraq qovrulardı. Digər tərəfdən əgər həm bitkilər, həm də heyvanlar karbondioksid hazırlasaydılar, bu dəfə atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq “boğularaq” kütləvi halda ölərdilər.
Ancaq həyatın tarazlığı elə qüsursuz şəkildə qurulmuşdur ki, atmosferdəki oksigen nisbəti daim canlılar üçün ən ideal nisbətdə, Ceyms Lavlokun ifadəsilə “təhlükənin və faydanın çox yaxşı tarazlandığı ölçüdə” saxlanır. (James J. Lovelock, Gaia, Oxford: Oxford University Press, 1987, s. 71)
Bütün bu tarazlıqlar Yerin digər xüsusiyyətləri kimi atmosferinin də insan həyatı üçün xüsusi yaradıldığını göstərir. Elmin üzə çıxardığı bu həqiqət bizə kainatın təsadüfi maddələr yığını olmadığını bir daha sübut edir. Əlbəttə, bütün kainata hakim olan, maddəni istədiyi kimi formaya salan, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında saxlayan bir Yaradan var.
Leave a Reply