Gözlər orqanizmin xarici aləmə açılan pəncərəsidir. Bu pəncərələrin qorunması və baxımı xüsusi sistem nəticəsində təmin olunur. Göz qapaqları mükəmməl işləyən bu sistemin ən mühüm hissələrindən biridir. Kirpiklər də bu möhtəşəm müdafiə sisteminin bir hissəsi və insanın simasını gözəlləşdirən estetik möcüzədir.
Göz mürəkkəb quruluşa və xüsusi funksiyaya malik olmasına baxmayraq, bədənimizdə çox kiçik yer tutur. Eynilə qiymətli daşın ziynət qutusunda saxlanılması kimi, kəllə sümüyümüzün içində xarici amillərdən qorunacaq şəkildə saxlanılır.
Göz estetik şəkildə qorunur. Gözü qorumaq üçün göz ətrafında möhkəm, zirehli qabıq da ola bilərdi. Halbuki, göz ətrafı sümüyün quruluşu, göz qapaqları, qaşlar və kirpiklər çox estetik və simmetrik görüntü əmələ gətirirlər.
Kirpiklərin müdafiə funksiyası
Göz qapağının kənarından çıxan kirpiklər gözə estetik gözəllik və ifadə verməklə bərabər onu tozdan və yad maddələrdən qoruyur. Kirpiklər qopduqda və ya kəsildikdə yenidən uzanırlar. Kirpik əvvəlki ölçüsünə çatdıqda uzanma dayanır. Bir kirpiyin uzanması 2-3 ay çəkir.
İnsanın kirpikləri eynilə pişiklərin bığları kimi toxunuşa çox həssasdırlar. Ona görə də toz və ya başqa zərərli maddə gözə daxil olduqda reflektiv şəkildə gözü qoruyurlar. Bu, Allahın yaratmasındakı gözəlliyin bənzərsiz nümunələrindən sadəcə biridir.
Kirpiklərimiz necə qıvrılır?
Kirpiklər düz və yumşaq olub, yuxarıya doğru bir az qıvrılırlar. Bu forma həm əlverişli, həm də çox estetikdir. Zeis vəzlərinin ifraz etdiyi yağlı maddə ilə kirpiklər yağlanır, qövsvari elastik forma alırlar. Əgər bu zərif qulluq edilməsəydi, kirpiklər çox bərk olar, hər göz qırpdıqda bir-birinə ilişərək narahatlıq verərdi.
Gözümüz üçün böyük əhəmiyyət daşıyan başqa bir ünsür olan göz yaşının da kirpiklərin qövsvari quruluşunda rolu var. Göz yaşı üç müxtəlif təbəqədən ibarətdir.
Ən yuxarıda yağlı lipid təbəqəsi, ortada lakrimal vəzlər tərəfindən ifraz edilən maye təbəqə və altda musin təbəqəsi yerləşir. Lipid təbəqəsi həm selikli qişanın üzərindəki təbəqənin nəmlənməsini, həm də kirpiklərin qövsvari forma almasını təmin edən təbəqədir. Lipid təbəqəsi kirpiklərin tük kisəciklərinə açılan zeis yağ vəzləri tərəfindən ifraz olunur.
Kirpiklərinizdə kiçik canlıların yaşadığını bilirdinizmi?
Kirpiklərimizdə gözlə görünməyən demodisid adlı canlılar yaşayır. Bu canlıların ən əsas xüsusiyyətləri belədir:
Demodex folliculorum və ya demodisid adlanan 0.4 mm uzunluğundakı bu mikroskopik canlı məsamələrdə, saçlarda, burunda, çənədə və kirpiklərimizin köklərində yaşayan gənə növüdür.
Demodisidlərin törətdiyi infeksiyalar bu gənələrin bir neçəsinin eyni kirpik kökündə toplanması ilə əmələ gəlir.
Bu gənələr ölü dəri hüceyrələri və ya göz ifrazatı ilə qidalanırlar. Bir kirpik kisəciyində 25 demodisid yumurtası olur. Böyüdükdə kisədən çıxır və yumurtalarını qoymaq üçün yeni kisə tapırlar. Bu proses 14-18 gün davam edir. Demodisidlərin bədənləri tük kisəciklərinə yapışmağa imkan verən pulcuqlarla örtülüdür.
Demodisidlər eyni kirpik kisəciyində toplanmasalar, zərərli deyillər.
Bəzi demodisid növləri göz yaşı ifrazını zədələyən göz xəstəliklərinə səbəb olurlar. Çünki bu gənələr göz yaşı ifraz edən zeis vəzlərini yeyirlər.
Bu gənələrin törətdiyi narahatlıq və yanma nəticəsində blepharitis xəstəliyi əmələ gəlir. Bu xəstəlikdə kirpiklər tökülə bilər.
Gözün mütəşəkkil qorunması Allahın yaratma sənətinə heyranlığımızı artırır
Göz bütün orqanoidləri ilə birlikdə bir anda, tam yaradılmışdır. Kirpiklərimiz olsaydı, ancaq onların qıvrılmasını təmin edən zeis vəzləri olmasaydı, gözümüzü açıb-yummağımız çox çətinləşər və gözlərimiz sıradan çıxardı. Buna görə də bəlkə sadəcə estetik ünsür və bəzək kimi görünən kirpiklərimiz, əslində, gözümüz üçün çox böyük əhəmiyyətə malikdir.
Gözü təşkil edən hər orqanoidin qüsursuz yaradılışı Allahın üstün yaratma sənətinin nümunələrindən təkcə biridir. İnsan heç bir səy göstərmədən, doğulduğu anda etibarən hazır əldə etdiyi bu nemətlərə görə Allaha hər an şükür etməlidir.
Dəvələrin kirpiklərindəki maraqlı müdafiə sistemi
Dəvəni “xüsusi canlı” edən ən ağır şərtlərdən belə təsirlənməyən bədən quruluşudur. Dəvənin kirpikləri də çox xüsusi yaradılışa malikdir. Çox güclü qum fırtınaları belə dəvənin gözlərinə zərər vermir. Çünki kirpiklər bir-birinin içinə keçən quruluşdadır və hər hansı təhlükə zamanı avtomatik bağlanırlar. Beləcə, heyvanın gözünə kiçik toz zərrəciyi belə girə bilmir.
Şübhəsiz ki, bütün varlıqlar müxtəlif xüsusiyyətləri ilə birlikdə onları yaradan Allahın sonsuz gücünü və elmini göstərir.
Leave a Reply