İnsan möcüzəsi: bədənimizdəki suyun miqdari necə tənzimlənir?

Bədənimizdəki su miqdarının biz yatarkən belə müəyyən tarazlıqda saxlanılması nə üçün vacibdir?

Su ölçən xüsusi reseptorların təhlükəli vəziyyətdə ifraz etdiyi ADH hormonu su tarazlığını necə təmin edir?

Su insan orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Çünki insan bədənindəki suyun 10%-i itirilsə, insan üçün həyati təhlükə baş verər. Bu təhlükə ilə üzləşməmək üçün:

Hər gün yediyimiz yemək və qəbul etdiyimiz maye ilə neçə litr su qəbul etdiyimiz,

Bu suyun nə qədərini orqanizmimizdən xaric etdiyimiz,

Qanımızda nə qədər su olduğu,

Toxumalarımızdakı su miqdarı gün ərzində hər saniyə yoxlanılmalıdır.

Əgər bu hesablamaları insan özü bir-bir etməli olsaydı, başqa heç nə ilə məşğul olmadan bütün vaxtını bu işə ayırmalı olardı. Bunun üçün yaxşı təchizatlı laboratoriya lazım olar, gecə-gündüz fasiləsiz qanındakı prosesləri müşahidə etməli olardı. Ancaq heç kimin bədənindəki su miqdarını özünün ölçməsinə ehtiyac yoxdur. Çünki uca Allah hər insanın bədənində orqanizmdəki su miqdarını tənzimləyən xüsusi sistem yaratmışdır. Bu yolla insanların çətinliklə yerinə yetirəcəyi (hətta böyük ehtimalla bacarmayacaqları) su miqdarını ölçmə funksiyasını kiçik hüceyrələr böyük ustalıqla həyata keçirirlər.

Qandakı su müvazinəti pozulduqda hansı metodlardan istifadə edilir?

Hipotalamus hormon sisteminin baş meneceridir. İnsan orqanizmində daxili sabitliyin təmin edilməsində həyati əhəmiyyətə malikdir. Beyinin alt hissəsində yerləşən və noxud boyda olan hipotalamus bölgəsinə xüsusi reseptorlar yerləşdirilmişdir. Bu reseptorlar hər saniyə, hətta siz bu məqaləni oxuyarkən də qanınızdakı su miqdarını ölçürlər. Əgər qandakı su miqdarının azaldığını müəyyən etsələr, dərhal həyəcan siqnalı verirlər.

Fövqəladə hal zamanı tədbir olaraq hipotalamusun altında yerləşən 1 sm-lik hipofiz vəzi “ADH” adlı hormon ifraz edir. Bu hormon qan dövranı vasitəsilə uzun səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə açarın qıfıla uyğun gəldiyi kimi, bu hormona uyğun gələn xüsusi reseptorlar var. Hormonlar bu reseptorlara çatan kimi böyrəklər dərhal suya qənaət sisteminə keçir və suyun bədəndən xaric edilməsi tamamilə azaldılır.

Əgər çox su içmişiksə, bu dəfə mexanizm tam tərsinə işləyir. Qandakı suyun miqdarı çoxalır. Bu zaman hipotalamusdakı reseptorlar ADH hormonunun ifrazını yavaşladırlar. ADH hormonu azaldıqda, böyrəklərdə suyun geri sovrulması azalır və qandakı suyun miqdarı tənzimlənir.

ADH hormonu sığorta funksiyasını da yerinə yetirir

ADH hormonunun bir xüsusiyyəti də qan damarlarını daraltması və beləliklə, qan təzyiqini artırmasıdır. Bu çox xüsusi yaradılmış təhlükəsizlik-sığorta sistemidir. Bu təhlükəsizlik-sığorta sisteminin də işləməsi üçün bir çox proses eyni anda baş verməlidir.

Ürəyin qulaqcıq hissəsinin və ürəyə gələn damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir. Reseptorlardan çıxan kabellər, yəni sinirlər də hipofiz vəzinə bağlanmışdır. Bu reseptorlar normal qan təzyiqi zamanı daima qıcıqlandırılır və hipofiz vəzinə fasiləsiz elektrik impulsu göndərirlər. Bu elektrik impulslarının hipofizə çatması ADH hormonunun ifrazının qarşısını alır. Bu sistemi infrared şüalardan istifadə edilərək düzəldilən həyəcan siqnalı sistemlərinə bənzədə bilərik. İnfrared şüalar lazımi nöqtələrlə təmas etdikcə sistem həyəcan siqnalı vermir. Əgər oğru bilmədən bu şüalardan biri ilə toqquşarsa, şüanın mənbəyi ilə reseptor arasındakı əlaqə kəsilir və həyəcan siqnalı verilir. Eynilə bu misalda olduğu kimi, ürəyin və damarların içinə yerləşdirilmiş reseptorlardan hipofizə impuls çatdıqda hər şey normal olur.

Həyəcan siqnalı necə işə düşür?

Ciddi qanaxma baş verdikdə insan çox qan itirir və damarlarındakı qan miqdarı azalır. Bu da qan təzyiqinin düşməsinə səbəb olur ki, aşağı qan təzyiqi xəstə üçün çox təhlükəlidir.

Qan təzyiqi düşdükdə damarların və ürəyin içindəki reseptorların hipofizə göndərdiyi impuls kəsilir. Bu isə hipofizin həyəcan siqnalı verməsinə və ADH hormonu ifraz etməsinə səbəb olur. ADH hormonu dərhal qan damarlarının ətrafındakı əzələlərin gərilməsinə səbəb olur və bu proses qan təzyiqinin qalxmasını təmin edir.

Üzərində düşünülməli qeyri-adi sistem

Bu çox kompleks, bir-birilə əlaqəli işləyən və bir çox hissədən ibarət sistemin üzərində düşünülməli bir çox incəlik var:

Hipotalamusdakı hüceyrələr özlərindən çox uzaqda yerləşən və heç vaxt görmədikləri böyrək hüceyrələrinə əmr verməyi necə düşünüblər?

Böyrək hüceyrələrinin anladığı və yerinə yetirdiyi məktubu yazmağı necə bacarıblar?

Böyrək hüceyrələri bu əmri nə üçün yerinə yetirirlər?

ADH hormonunu ifraz edən hipotalamus hüceyrələri özlərindən çox uzaqda yerləşən damarların ətrafındakı əzələ hüceyrələrinin quruluşunu haradan bilirlər?

Qan təzyiqinin artması üçün bu damarları gərmək lazım gəldiyini necə təxmin ediblər?

Bu hüceyrələri gərmək üçün kimyəvi formulu necə hazırlayıblar?

Aydındır ki, hipotalamus, böyrək hüceyrələri və ADH hormonunun birlikdə bu qərarları verməsi və həyata keçirməsi qeyri-mümkündür.

Susama hissi böyük rəhmətdir

Hipotalamus, hipofiz və ADH-nin təşkil etdiyi bu mükəmməl sistemin tam işləməsi həyatda qalmağımız üçün kifayət deyil. Biz su içməli, habelə, nə qədər su içməli olduğumuzu bilməliyik. Bunun üçün Allah insanı susama hissi ilə yaratmışdır.

Orqanizmimizdə hər şeyin tam olduğunu, ancaq susamadığımızı fərz edək. Bu təqdirdə, doğulduqdan qısa müddət sonra bədənimiz narahat olmağa başlayardı. Çünki insan yemədən 1-2 həftə yaşayar, ancaq su içmədən 3-4 gündən çox yaşaya bilməz. Susama hissimiz olmadığı üçün niyə bədənimizin narahat olduğunu və həyatımızın təhlükəyə girdiyini də anlamazdıq. Halbuki, insan doğulduğu andan etibarən su içməli olduğunu, habelə, nə qədər su içməyin lazım gəldiyini bilir, çünki məhz lazım olduğu qədər susayır. Qüsursuz yaradılmış bu həyati sistem sayəsində orqanizmimizdəki su müvazinəti qorunur.

Nəzarət mərkəzi

Susuzluq mərkəzi insanın beynində yerləşir. Beyin orqanizmin maye miqdarını dəyərləndirir və daha sonra vəziyyətə uyğun olaraq bir sıra biokimyəvi reaksiya həyata keçirərək insanda susuzluq hissi əmələ gətirir.

Ehtiyat anbarları

İnsan orqanizminin təqribən 60%-i sudan ibarətdir. Bu suyun 2/3-i hüceyrələrdə saxlanılır. Ancaq 1/3-i hüceyrədənkənar mayeləri təşkil edir.

Qanın rolu

Bədəndəki maye çatışmazlığı zamanı qanın həcmi azaldıqda qan beyinə həyəcan siqnalı göndərir və susuzluq hissinin əmələ gəlməsini təmin edir.

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Vücudumuz
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)