QUŞ TÜKLƏRİNİN MÖHTƏŞƏM DİZAYNI

images (2)Quşların tüklərinin möhtəşəm dizaynını heç görmüsünüzmü? Minlərlə müxtəlif növü olan quşların hər birinin tükləri havaya asan qalxmaları, havada yüksəlib-enmələri, sürətlə və ya yavaş uçmaları üçün dizayn edilib. Tüklərin mənşəyi ilə bağlı iddiaları dəyərləndirərkən quş tüklərinin kompleks quruluşunu nəzərə almaq lazımdır. Nik Bişop (Nic Bishop) “Heyvanlarda uçuşun sirləri” (The Secrets of Animal Flight) adlı kitabında tüklər haqqında belə yazır:

“Tüklər sadə görünürlər, əslində isə çox mürəkkəbdirlər. Hər birinin bir milyondan çox kiçik hissəsi var”. (Bishop, The Secrets of Animal Flight, Houghton Mifflin, Boston, 1997, səh. 9).

Tüklərin mürəkkəb anatomiyası tükün funksiyasına görə fərqlənir. Məsələn, mürəkkəb formalı uçuş tükləri uzun, incə, möhkəm saplaqdan hər iki tərəfə doğru çıxan, toxuma şəklində qanadcıqlardan ibarətdir. Qarmaq adlanan çıxıntıların birləşdiyi bu saplağın içi boşdur, möhkəm və eyni zamanda, elastikdir (W.J. Bock, “Explanatory History of the Origin of Feathers”, American Zoology, vol. 40, 2000, səh. 478-485).

Quş tükünün üstündəki tükcüklər də həm möhkəm, həm də küləkdə qırılmayacaq qədər elastik olmalıdır. Quşlar xüsusi yaradılışları sayəsində hava axınlarından elə ustalıqla istifadə edirlər ki, mühəndislərin indiyədək icad etdiyi ən yaxşı planer belə quşlar qədər funksional deyil. Quşların tüklərində qarmaqlar olmasa, uça bilməzlər. Qarmaqlar küləyin qanada və tüklərə zərər verməsinin qarşısını alırlar və müəyyən şərtlər altında bir-birindən aralanırlar. Quş dimdiyi ilə tüklərini daradıqda yenidən birləşirlər. Ornitologiya (quşları öyrənən elm sahəsi) üzrə mütəxəssis Rocer Tori Piterson (Roger Tory Peterson) bu barədə belə yazır:

“Tüklər təbii mühəndislik möcüzəsidir. Əvvəla,  çox yüngül və quruluş etibarilə möhkəmdirlər. Yarasanın qanadları gərilmiş dəridən, yaxud bükülməyən təyyarə qanadlarından daha universaldır. Zədələndikdə tez yenilənirlər… Demək olar ki, çəkiləri yoxdur, ancaq qüvvətlidirlər. Tükün möhkəm saplağı dəstək vermək üçün bükülmür, ancaq uc hissəsinə doğru yumşaq olması havada ani manevrlər etmək üçün elastiklik qazandırır. Yumşaq, ancaq möhkəm olan bu toxuma çox hamardır. Qarmaqları ayırın, sonra quş dimdiyi ilə tüklərini düzəltdiyi kimi, barmaq uclarınızla onları yenidən bir-birinə keçirin. Bu dizaynın mürəkkəbliyini ancaq quş tükünü mikroskop altında tədqiq etməklə görmək mümkündür. (R.T. Peterson, The Birds, Time, New York, 1963, səh. 33)

Tüklər yuxarı səviyyədəki havanın aşağı səviyyədəki havadan daha sürətli axmasını təmin edərək quşun havaya qalxması üçün yaradılıblar. Beləliklə, qanadın üstündəki hava təzyiqi də azaldılır. Qanadların üstündəki bu təsir “Bernulli təsiri” adlanır. Təyyarələrdə də qanadların üst tərəfi alt tərəfindən uzun və mailidir. Bu şəkildə hava qanadın üst tərəfindən daha sürətlə axır və buradakı təzyiq azalır. Qanadın alt tərəfindəki təzyiq üst tərəfindəkindən artıq olduğu üçün təyyarəni yuxarıya qaldıran qüvvə əmələ gəlir və təyyarə yerin cazibə qüvvəsindən xilas olaraq havaya qalxır. Quşlarda bu təsirin meydana gəlməsi üçün uçuş tükləri asimmetrikdir. Bundan əlavə, uçuş zamanı hava ilə birbaşa təmasda olan ön ucda daha kiçik tük qanadı var. Quşun qanadındakı mürəkkəb aerodinamik prinsiplər təyyarə qəzalarının ən əsas səbəbi olan hava boşluğunun mənfi təsirini azaldır (M. Denton, Evolution: A Theory in Crisis, Adler and Adler, Bethesda, 1986, səh. 202). Quşun qanadının ucunda yerləşən, xüsusi yaradılmış yarıqlar da hava axının bir hissəsini keçirirlər. Bu, müasir təyyarələrdə mühəndislərin quş qanadlarını təqlid edərək təyyarə qanadlarına kiçik qanad ucları əlavə etdikləri bir yenilikdir.

Bundan əlavə, quşlar qanadlarının formasını və axın xüsusiyyətlərini, havaya qalxmalarını, uçuş tənzimləməsini və yerə enişi asanlaşdıracaq şəkildə dəyişdirə bilirlər. Tüklərini isə havaya müqaviməti dəyişdirəcək şəkildə bükə bilirlər. Bu, çox kompleks vətər sistemi sayəsində mümkün olur (M. Denton, Evolution: A Theory in Crisis, Adler and Adler, Bethesda, 1986, səh. 202).

Quşun tükləri, dəri və alt dəri əzələləri, vətərləri (sümüklərlə orqanları bir-birinə birləşdirən toxuma), beyin və duyğu orqanları bir-biri ilə əlaqədardır. Bu reduksiya edilməz kompleks quruluş tük sisteminin tam funksional olması üçün labüddür. Bu orqanlardan biri olmazsa, uçuş mümkün olmaz. Tükü təşkil edən hissələrin bucağı, qalınlığı, forması kimi hissələrinin ölçüləri də həyati əhəmiyyət daşıyır. (S.F. Tarsitano, A.P. Russell, F. Horne, C. Plummer, K. Millerchip, “On the evolution of feathers from an aero-dynamic and constructional point of viewpoint”, American Zoology, vol. 40, 2000, səh. 676-686). Çünki kiçik bir çatışmazlıq uçuş sistemini tamamilə yararsız hala sala bilər.

Dəridəki xüsusi əzələlər quşun tüklərini tənzimləyərək hərəkət etdirməsini təmin edir. Bu sistem quşun uçmasına və bəzən də qorunmasına kömək edir. Quşlar tüklərini müxtəlif səbəblərdən qabardırlar: daha böyük görünərək düşmənlərini qorxutmaq, özlərini isitmək və ya cütləşmə mövsümündə digər quşların diqqətini cəlb etmək bu səbəblərdən bəziləridir. (S. Burgess, “The Beauty of the Peacock Tail and the Problem with the Theory of Sexual Selection”, The in Depth Journal of Creation, vol. 15, no. 2, 2001, səh. 94-102)

Uçuş üçün digər vacib şərt isə quşun qanadları, quyruğu və digər hissələrindəki tüklərin məhz lazımi formada düzülməsidir. Tüklərin lazımi formada düzülməsinin labüdlüyü təkamülçülər üçün böyük problemdir. Çünki onsuz da mənşəyini açıqlaya bilmədikləri tüklərin həm də uçuşa uyğun dizaynda düzülməsi şərtdir.  Tüklərin hansı istiqamətdə düzülməsi, hansı ölçüdəki tüklərin hansı hissədə yerləşməsi, hər iki qanadda tüklərin simmetrik düzülməsi kimi şərtləri şüursuz, kortəbii amillərlə açıqlamaq qeyri-mümkündür.

Tükün bütün fiziki strukturuna dair məlumat DNT-də şifrlənib: keratin təbəqələrinin sayı və qalınlığı, tükcüklərin sayı, rənglər, tüklər arasındakı məsafələr… Bunların hamısı DNT-dəki məlumata əsasən inşa edilir. Məlum olduğu kimi, canlının genetik informasiyasındakı – yəni DNT-dəki – ən adi düzülüş səhvi ciddi forma və funksiya pozuntularına səbəb olur ki, bu cür səhvlərin, yəni mutasiyaların tük əmələ gətirməsinə inanmaq ağılsızlıqdır. Habelə, bir tükün inşa edilməsi üçün genetik informasiya pulcuqdan tamamilə fərqlidir. Təkamülçülərin iddia etdiyi kimi, pulcuqların tüklərə çevrilməsi quşun DNT-sində tamamilə yeni genetik informasiyanın meydana gəlməsi deməkdir. Tükün quruluşu, forması, rəngi və s. kimi hər cür təfərrüat, məsələn, sağ tükcükdəki sağ qarmağın üstündəki keratin təbəqəsinin lazımi qalınlıqda olması genetik şifrə əlavə ediləcək yeni təlimatlarla müəyyən edilməlidir. Ancaq təkamülçülər təsadüfi, şüursuz amillər, təbii seçmə və mutasiyaların mükəmməl dizayna aid genetik informasiyanı bir quşun DNT-sinə necə şifrlədiyini açıqlaya bilməzlər.

Tüklərin dizaynı ilə yanaşı, estetik, gözəl görünüşünün, naxışlarının və simmetriyasının da təkamülçülərin iddia etdiyi kimi təsadüfi mutasiyalar nəticəsində meydana gəlməsi mümkün deyil. Çünki laboratoriyalarda aparılan çoxsaylı mutasiya təcrübələri qəti sübut edib ki, mutasiyalar canlı orqanizminin DNT-sinə informasiya əlavə edə bilməz. Mutasiyalar DNT-yə təsir edərək daima morfoloji (forma) pozuntulara səbəb olurlar. Təsadüfi mutasiyalarla, məsələn, tovuz quşu tükünün mürəkkəb quruluşunun və əlvan rənglərinin əmələ gəldiyini qəbul etmək bir daxmanın yağış, şimşək və küləyin təsiri ilə zaman ərzində saraya çevriləcəyini qəbul etmək qədər məntiqsizdir.

 

Quş tüklərindən ilham alaraq icad edilən öz-özünə dəyişən yol nişanı lövhələri

 

Quş tüklərindəki keratin zülalı və təbii boyaq maddəsi olan melanin birlikdə işığın bizim görəcəyimiz şəkildə sındırırlar. Tüklərin açıq və tünd rəngləri məhz keratin zülalının bir istiqamətdə yerləşməsindən qaynaqlanır. Quş tüklərinin əlvan rəngləri tüklərin bu quruluş xüsusiyyətindən irəli gəlir.

Tüklərin quruluş xüsusiyyətindən ilham alan bir yapon firması yenidən istifadə oluna bilən yol nişanı lövhələri icad edib. Bu lövhələrin üstü ultrabənövşəyi şüaların altında dəyişir. Lövhənin üstünə düşən ultrabənövşəyi şüalar məmulatın kristallik quruluşuna təsir edir və lazımi mesajı göstərməsi üçün müəyyən rənglərin görünməməsini təmin edir. Bu lövhələr yenidən istifadə oluna bilir, yaxud üzərinə yeni görüntülər çəkilməsinə imkan verir. Beləliklə, həm yeni lövhə israfçılığı aradan qalxır, həm də zəhərli boyaların istifadəsinə ehtiyac qalmır.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Heyvanlar Aləmi
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)