XX əsrə daxil olanda astronomiya sahəsində çox böyük yeniliklər baş vermişdi. Öncə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın sabit quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanan Fridman hesabladı ki, ən kiçik bir təsirin kainatın genişlənməsinə, yaxud büzülməsinə səbəb ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk şəxs isə Belçikanın ən tanınmış astronomlarından Corc Lemetr oldu. Onun bu hesablamalardan çıxardığı nəticə, kainatın bir başlanğıcının olması və həmin başlanğıcdan bu günə fasiləsiz şəkildə genişlənməsidir. Lemetrin fikirlərindəki digər vacib məqam da var idi: həmin başlanğıc anındakı partlayışdan qalan bir radiasiya olmalıydı və bu müəyyən oluna bilərdi. Lemetr əvvəlcə elmi dairələrdə böyük dəstək almayan bu fikirlərinin doğruluğuna əmin idi. Çünki kainatın genişlənməkdə olmasına dair başqa arqumentlər də bir-bir ortaya çıxırdı.
Bu arada Edvin Habbl adlı bir amerikalı astronom istifadəsində olan nəhəng teleskopla səmanı araşdırarkən ulduzların uzaqlaşmaları ilə bağlı olaraq qırmızı rəngə doğru işıq yaydıqlarını müəyyən etdi. O, Kaliforniyadakı Maunt-Vilson rəsədxanasındakı bu kəşfi ilə sabit kainat nəzəriyyəsini ortaya atan və illərlə dəstəkləyən bütün elm adamlarına meydan oxuyaraq həmin təsəvvürləri kökündən sarsıtdı. Habblın kəşfi göstərirdi ki, müşahidənin aparıldığı nöqtəyə doğru yaxınlaşan işıq spektrləri bənövşəyi rəngə doğru, uzaqlaşan işıq spektrləri isə qırmızı rəngə doğru dəyişir. Yəni Kaliforniyadakı Maunt-Vilson rəsədxanasından izlənən ulduzlar planetimizdən uzaqlaşmaqda idilər. Bu müşahidələr həm də ulduz və qalaktikaların təkcə bizdən yox, həm də bir-birlərindən uzaqlaşdıqlarını ortaya qoydu. Bütün bu kosmik cisimlərin bir-birilərindən uzaqlaşmaları kainatın genişlənməkdə olduğunu bir daha təsdiq edirdi. Bu yeniliklərlə əlaqədar maraqlı bir təsbit haqqında Devid Filkinin “Stiven Hokinqin kainatı” adlı kitabında verilmiş şərhə baxaq:
– Heç iki il keçmədi ki, Lemetr gözləmədiyi bir xəbər aldı. Habbl qalaktikalardan gələn işığın spektrinin qırmızıya doğru dəyişdiyini aşkarlamışdı, bu isə Doppler effektinə görə, elə kainatın genişlənməsi deməkdir. Artıq hər şey sadəcə zamana bağlıydı. Eynşteyn Habblın çalışmaları ilə maraqlanırdı və Maunt-Vilson rəsədxanasında onunla görüşmək fikrinə düşmüşdü. Eyni zamanda, Lemetr də Kaliforniya Texnologiya İnstitutunda konfrans keçirmək qərarına gəldi və Eynşteynlə Habblı görüşdürməyi bacardı. Özünün “ilk atom” ideyasını danışaraq, kainatın dünəni olmayan bir gündə yaradıldığını söylədi. Bütün lazımi riyazi hesablamaları artıq aparmışdı. Lemetr sözünü bitirəndə qulaqlarına inana bilmədi. Çünki Eynşteyn ayağa qalxıb bu fikirlərin indiyə qədər eşitdiyi ən gözəl və qaneedici şərh olduğunu etiraf edərək, kainatı sabit və dayanıqlı təsəvvür etməyin bəşəriyyətin ən böyük xətası olduğunu etiraf etdi.1
Bəli, dünyanın ən dahi alimlərindən olan Eynşteyni ayağa qaldıran bu həqiqət kainatın başlanğıcı olması həqiqəti idi…
Kainatın genişlənməsi ilə bağlı aparılan müşahidələr artdıqca yeni iddiaların da ardı-arası kəsilmirdi. Bu həqiqəti əsas tutaraq yola çıxan elm adamları Lemetrın dediyi kimi, zamanı geriyə fırladanda getdikcə kiçilən, sonunda nöqtə boyda qalan kainat modeli ilə qarşılaşdılar. Riyazi hesablamalar bütün kainatdakı maddənin qaynağı olan bu nöqtənin dəhşətli cazibə gücü səbəbindən “sıfır həcmə” sahib olacağını göstərdi. Kainat sıfır həcmə malik bir nöqtənin partlayışıyla ortaya çıxmışdı və bu partlayışa “Böyük Patlayış” (“Big Bang”) adı verildi.
Böyük partlayışın göstərdiyi önəmli bir gerçək vardı: sıfır həcm “yoxluq” mənasına gəldiyinə görə, kainat “yox” ikən “var” halına gəlmişdir. Bu isə kainatın bir başlanğıcının olduğu mənasına gəlir və beləliklə, materializmin “kainat sonsuzdan bəri mövcuddur” fərziyyəsini etibarsız edirdi.
1. Stephen Hawking’in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, Aralık 1998, s. 90
Leave a Reply