İnsanla meymunun eyni əcdaddan yaranması barədə hekayələr hansılardır?

Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır.

Təkamülçülər yox olmuş meymun növlərinin kəllə və sümüklərini kiçikdən böyüyə doğru düzmüş, bu silsiləyə nəsli kəsilmiş insan irqlərinə aid kəllələri də əlavə edərək insanın təkamülü ssenarisini yazmışlar. Ssenari belədir:

“İnsanlar və müasir meymunlar ortaq əcdada sahibdirlər. Bu varlıqlar zaman keçdikcə təkamül keçirərək bir qismi müasir meymunları meydana gətirmiş, təkamülün digər qolunu isə müasir insanlar meydana gətirmişdir”.

Halbuki, bütün paleontoloji, anatomik və bioloji tapıntılar bizə təkamülün bu iddiasının da əsassız olduğunu göstərir. İnsanla meymun arasında qohumluq əlaqəsinə dair heç bir dəlil yoxdur. Saxtakarlıqlar, təhriflər, hiyləgər şəkil və xəyali şərhlərdən başqa…

Qalıqlar bizə tarix boyu insanların insan, meymunların da meymun olaraq qaldıqlarını göstərir. Təkamülçülərin insanın əcdadı kimi göstərdikləri qalıqların bir hissəsi, əslində, çox yaxın dövrə (məsələn, 10.000 il əvvələ) qədər yaşamış və nəsli kəsilmiş qədim insan irqlərinə aiddir. Hal-hazırda da yaşayan bir çox insan birliyi var. Onlar təkamülçülərin insanın əcdadı kimi göstərməyə çalışdıqları insan irqləri ilə eyni fiziki quruluş və xüsusiyyətlərə sahibdirlər. Ən vacibi isə meymunlar və insanlar arasında bir çox anatomik fərqlərin olmasıdır və bunların heç biri təkamüllə ortaya çıxmamışdır. Ancaq təkamülçülər xəyali ssenarilər uydurmağa davam edirlər.

Bu xəyali ssenarilərdən biri də insanlarla meymunlar arasında bir gen fərqinin olması, mutasiya nəticəsində meymunlardakı bir genin itməsi və bunun insana keçməsində əhəmiyyətli rol oynamasıdır. Təkamülçülərin irəli sürdüyü bu dəlilin əsassızlığını belə yekunlaşdıra bilərik:

Aparılan araşdırmalarda elm adamları sial turşusu kimi məlum olan şəkər molekulunun (Neu5Ac və Neu5Gc) iki formasının olduğunu, bu iki forma arasında yalnız bir oksigen atomu fərqinin olduğunu, Neu5Gc-nin şimpanzelərdə və bütün məməlilərdə olduğunu, ancaq nəsli kəsilmiş insan irqi olan neandertallarda və müasir insanlarda olmadığını təsbit etmişlər.

Təkamülçülər isə bu məlumatdan istifadə edərək mutasiyanın bu şəkər molekulunu istehsal edən geni yox etdiyini və bunun şimpanzelərlə insanlar arasındakı fərqi yaratdığını irəli sürürlər. Əslində, burada klassik təkamülçü ön mühakimələrlə verilmiş səhv məlumat nümunəsi görünür. Təkamülçülərin təkamülün reallaşdığına dair heç bir dəlillərinin olmadığına baxmayaraq, elmi tapıntıları təkamülün reallaşması kimi qiymətləndirirlər. Yəni “şimpanzedə olan bir gen insanda yoxdursa, təkamül də mutasiya və təbii seleksiya yolu ilə reallaşdığına görə, deməli, bu gen mutasiyanın nəticəsində itmişdir” şəklində məntiq yürüdürlər. Halbuki, heç bir dəlilləri yoxdur, bu iddia yalnız fərziyyədən ibarətdir.

Təkamülçülər şimpanzelərdəki genin yox olması ilə şimpanzelərin inkişaf edərək insanlaşmağa başladıqlarını iddia edirlər. Halbuki, insanlarda bu genin əskikliyi xərçəng, AİDS, qızdırma, qrip kimi xəstəliklərə səbəb ola bilər. Şimpanzelərin bu cür xəstəliklərə tutulmamaqlarının səbəbi də bu genə sahib olmalarıdır. Yəni şimpanzelərin sahib olduqları üstünlük insanlarda yoxdur. Məlumdur ki, təkamül nəzəriyyəsi bir orqanizmdə mutasiyalarla meydana gələn dəyişikliklərdən üstün olanların təbii seleksiya yolu ilə seçildiyini və bu üstün dəyişmələrin seçilərək yığılması nəticəsində canlıların təkmilləşdiklərini iddia edir. Ancaq burada üstün bir vəziyyət yoxdur, çünki mutasiyaya məruz qalan canlı çox təhlükəli və ölümcül xəstəliklərə düçar ola bilər. Təkamülçülər isə şimpanzelərdəki gen itkisinin onların inkişaf edərək insan xüsusiyyətləri qazanmasına səbəb olduğunu qarşıya qoyaraq, öz nəzəriyyələri ilə ziddiyyət təşkil edirlər.

“İnsanın təkamülü” ssenarisi xəyali fantaziyadır. Çünki belə bir soy ağacının mövcud olması üçün meymunlardan insanlara mərhələli təkamül yaşanmalı və bunun qalıqları tapılmalı idi. Halbuki, meymunlarla insanlar arasında uçurum var. Skelet strukturları, kəllə həcmləri, dik, ya da əyilmiş yerimə formaları kimi xüsusiyyətlər insanla meymun arasındakı uçurumu təşkil edir. 

Meymun və insan arasındakı böyük uçurum

Bir insan irqi olan Homo erektus ilə “insanın təkamülü” ssenarisində ondan əvvəl gələn meymunlar (Avstralopitek, Homo habilis, Homo rudolfensis) arasında böyük uçurum var. Yəni fosil qeydlərində gördüyümüz ilk insanlar təkamül keçirmədən, eyni anda və birdən ortaya çıxmışlar. Bu, onların yaradıldıqlarının göstəricisidir.

Ancaq bu həqiqəti qəbul etmək, təkamülçülərin fəlsəfələrinə və ideologiyalarına ziddir. Bu səbəbdən, xüsusi insan irqi olan Homo erektusu yarı-insan yarı-meymun canlı kimi göstərməyə çalışırlar. Düzəltdikləri Homo erektus rekonstruksiyalarında israrla meymunabənzər xətlər çəkirlər. Avstralopitek və ya Homo habilis kimi meymunları da eyni üsulla “insanlaşdırırlar”. Bu üsulla meymunları və insanları bir-birlərinə yaxınlaşdırıb iki fərqli canlı qrupunun arasındakı uçurumu kiçiltməyə çalışırlar.

 

Bir gen fərqinin şimpanzeni insana çevirəcəyinə inanmaq elmdən uzaqdır

İnsanlarla şimpanzelər arasındakı anatomik və ya biokimyəvi fərq, şübhəsiz, bir genin deyil, bir çox genin fərqliliyindən qaynaqlanır. Bu səbəbdən, bir geni insanla şimpanze arasındakı fərq kimi irəli sürmək təkamül nəzəriyyəsinə inanan bir insan üçün belə çox dayaz bir yanılmadır.

Təkamülçülərin ən böyük ümidi insanlarla şimpanzelər arasında çox az gen fərqi olması iddiasına dayaq tapmaqdır. Beləliklə, “Şimpanzelərlə sahib olduğumuz ortaq əcdada bir neçə mutasiya təsir etdi və bu meymunlar insan oldu”, – deyə biləcəklər. Ancaq insanla meymun arasındakı fərqlərin gen fərqliliyindən asılı olmadığı aydındır. İnsanın genetik quruluşu başqa xüsusiyyətlərə sahibdir, heyvanlardan çox fərqlidir. Bir meymuna hansı mutasiya təsir etsə də, hansı gen əlavə olunsa da, bu şimpanzenin düşünməsi, ağıllı, vicdanlı olması, mühakimə yürütməsi, proyektlər qurması, sənət əsərləri yaratması, estetikadan, simmetriyadan zövq alması, kosmik vasitələri düzəltməsi, göydələnlər tikməsi, atom mühəndisi olması, beyin əməliyyatları aparması, özünü meydana gətirən genləri, hüceyrələri araşdırması, siyasət yürütməsi, diplomatik əlaqələr qurması, sənaye qurması, dövlətləri idarə etməsi, mahnı bəstələməsi, inanc sahibi olması qeyri-mümkündür.

Təkamülçülər əksini isbat etməyə çalışsalar da, insanlarla heyvanlar arasındakı uçurumu nə (heç cür tapa bilmədikləri) ara-keçid formaları, nə təsadüfən meydana gələn mutasiyalarla, nə də genlərlə bağlaya bilirlər. İnsanı insan edən sahib olduğu ruhdur. Ruh isə mutasiyalarla, genlərdəki fərqlərlə, təbii seleksiya ilə qazanılmaz. Ruhu insana verən Allah`dır. Elmi tapıntılar insan ilə digər canlılar arasında quruluşca bir qohumluğun olmadığını da göstərir.

Bəs təkamülü müdafiə edən bu qədər elm adamının israr etmələrinin səbəbi nədir? Niyə eyni anda bir çox ziddiyyətli mühakiməni qəbul edir, öz əlləri ilə tapdıqları dəlilləri saymayaraq nəzəriyyələrini yaşatmağa çalışırlar?

Bunun bir cavabı var. O da bu şəxslərin təkamülü tərk etdiklərində qarşılaşacaqları həqiqətdən qorxmalarıdır. Təkamülü tərk etdiklərində qarşılaşacaqları həqiqət insanı Allah`ın yaratması həqiqətidir. Bu isə sahib olduqları ön mühakimələr və inandıqları materialist fəlsəfə baxımından qəbuledilməz bir düşüncədir.

Bu səbəblə, həm özlərini aldadır, həm də onlarla əməkdaşlıq edən mediadan istifadə edərək dünyanı aldadırlar. Tapa bilmədikləri qalıqları xəyali şəkillər və ya maketlər yolu ilə “çıxarır” və insanlarda təkamülü dəstəkləyən qalıqların olduğu təəssüratını yaratmağa çalışırlar. Materialist fəlsəfəyə özləri kimi inanan müxtəlif media quruluşları isə bu xəyali şəkil və ya maketlərdən istifadə edərək, kütlələri aldatmağa, təkamül nağılını insanların şüuraltına yeritməyə çalışırlar.

Ancaq nə qədər çalışsalar da, həqiqət ortadadır: insan şüursuz təkamül müddəti ilə deyil, Allah`ın yaratması ilə var olmuşdur və dolayısilə, Onun qarşısında məsuliyyət daşıyır.

Darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər varlıqlardan törədiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə, müasir insanla əcdadları arasında bəzi ara-keçid formaların yaşadığı iddia edilir. Əslində, tamamilə xəyali olan bu ssenaridə dörd kateqoriya var:

  • Australopithecines (Avstralopiteklər)
  • Homo habilis
  • Homo erectus
  • Homo sapiens

Təkamülçülər insanların ilk meymunabənzər əcdadlarına “cənub meymunu” mənasını verən “Avstralopitek” (“Australopithecus”) adını verirlər. Bu canlılar, əslində, nəsli kəsilmiş qədim meymun növündən başqa bir şey deyil. Avstralopiteklərin müxtəlif növləri var. Onların bəziləri iri quruluşlu, bəziləri isə daha kiçik quruluşlu meymunlardır.

İnsan təkamülünün sonrakı mərhələsini də təkamülçülər “Homo”, yəni insan kimi təsnif edirlər. İddiaya görə, Homo ardıcıllığındakı canlılar Avstralopiteklərdən daha inkişaf etmiş canlılardır. Bu növün təkamülünün sonuncu mərhələsində isə Homo sapiens, yəni müasir insanın meydana gəldiyi qarşıya qoyulur.

Təkamülçü nəşrlərdə və dərs kitablarında olan, ya da mediada adı çəkilən “Yava adamı”, “Pekin adamı”, “Lüsi” kimi qalıqlar da yuxarıda sadaladığımız dörd növdən birinə daxil edilirlər.

Ramapitek kimi bir zamanların çox iddialı ara-keçid forma namizədləri isə adi meymun olmalarının başa düşülməsindən sonra insanın xəyali soy ağacından səssiz-səmirsiz çıxarılmışlar.

Təkamülçülər “Avstralopiteklər > Homo habilis > Homo erektus > Homo sapiens” ardıcıllığını verərkən bu növlərin hər birinin sonrakının əcdadı olduğu təəssüratını yaradırlar. Halbuki, paleoantropoloqların son tapıntıları Avstralopiteklər, Homo habilis və Homo erektusun dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir. Hətta Homo erektusa aid edilən insanların bir hissəsi yaxın zamanlara qədər yaşamışlar, Homo sapiens neandertalensis və Homo sapiens sapiens (müasir insan) ilə eyni mühitdə və yan-yana tapılmışlar. Bu isə, əlbəttə, bu canlıların bir-birlərinin əcdadı olduqları iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur.

 

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)