Yer kürəsi ilə Günəş arasındakı məsafə, fırlanma sürəti və yer üzünün landşaftı qədər ölçüsü də mühüm əhəmiyyət kəsb edir. Yer kürəsi canlıların mövcud olması və yaşaması üçün məhz lazımi ölçüdədir.
Yer kürəsini kütləsinin 8%-ini təşkil edən Merkuri və ya Yerdən 318 dəfə böyük olan Yupiterlə müqayisə etdikdə planetlərin müxtəlif ölçülərdə olduğunu görürük. Aydındır ki, bu qədər müxtəlif ölçüyə malik planetlər arasında Yer kürəsinin təsadüfən məhz lazımi ölçüdə olması qeyri-mümkündür.
Yerin nüvəsindəki ağır elementlərin növü, miqdarı və reaksiya sürəti Yeri əhatə edən qoruyucu maqnit sahəsinin əmələ gəlməsində mühüm rol oynayır. Bu maqnetik qalxan Yer kürəsini kosmosdan gələn zərərli şüalar və maddələrdən qoruyur.
Yerin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız planetin məhz lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Frank Press və Reymond Siver Yerin bu cəhətdən uyğun olması haqqında belə məlumat verirlər:
Yer məhz lazımi ölçüdədir. Bir az kiçik olsaydı, cazibə qüvvəsi zəifləyər və atmosferi Yerin ətrafında saxlaya bilməzdi. Bir az böyük olsaydı, cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da cəzb edərək atmosferi öldürücü edərdi. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)
Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyat üçün xüsusi nizama malikdir. Yerin daxili təbəqələri sayəsində maqnit sahəsi var və bu maqnit sahəsi həyatın qorunması üçün çox vacibdir. F.Press və R.Siver bunu belə açıqlayırlar:
Yerin nüvəsi isə çox dəqiq tənzimlənmiş, radioaktivliklə qidalanan temperatur motorudur… Əgər bu motor bir az yavaş işləsəydi, qitələr hazırkı formada olmazdılar… Dəmir əsla əriməz və mərkəzdəki maye nüvəyə enməzdi, beləcə, Yerin maqnit sahəsi əsla əmələ gəlməzdi… Əgər Yerin radioaktiv yanacağı bir az çox olsaydı və beləcə, daha sürətli temperatur motoru olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddindən artıq sıx olar və Yerin səthi hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)
Press və Siverin bəhs etdiyi maqnit sahəsi həyatımız üçün böyük əhəmiyyət kəsb edir. Bu maqnit sahəsi, yuxarıda bildirildiyi kimi, Yer kürəsinin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyətə malik ağır elementlərdən təşkil olunmuşdur. Daxili nüvə bərk, xarici nüvə isə maye haldadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallara maqnit təsiri edərək maqnit sahəsi əmələ gətirir. Atmosferdən kənara qədər uzanan maqnit sahəsi sayəsində Yer kosmosdan gələn təhlükələrə qarşı qorunur. Günəşdən başqa ulduzlardan qaynaqlanan öldürücü kosmik şüalar Yerin ətrafındakı maqnit sahəsini keçə bilmirlər. Xüsusilə də Yerdən min kilometrlərlə uzaqlıqda maqnetik halqalar əmələ gətirən Van Allen qurşaqları Yeri öldürücü enerjidən qoruyur.
Ulduzlardan gələn plazma buludları bəzən Xirosimaya atılan atom bombasından 100 milyard dəfə güclü olur. Eyni şəkildə, Yer bəzən çox güclü kosmik şüaların təsirinə məruz qalır. Ancaq Yerin maqnit sahəsi bu öldürücü şüaların ancaq 0.1%-ini keçirir və qalan 0.001% şüalar atmosfer tərəfindən udulur. Yerin maqnit sahəsini əmələ gətirmək üçün 1 milyard amperlik elektrik enerjisi lazımdır, bu isə bəşəriyyət tarixi boyu istehsal olunan elektrik enerjisinin cəminə bərabərdir.
Əgər Yerin maqnetik qalxanı olmasa, yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv olar, bəlkə də heç mövcud olmazdı. Ancaq F.Press və R.Siverin dediyi kimi, Yer kürəsinin nüvəsi məhz lazımi tərkibdə olduğuna görə Yer bu şəkildə qorunur.
Yerin oxunun 23 dərəcə, 27 dəqiqə maili olması qütblərlə ekvator arasındakı atmosferin əmələ gəlməsinə mane olan ifrat temperaturun qarşısını alır. Əgər Yerin oxu maili olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi artar və həyat üçün əlverişli atmosfer əmələ gəlməzdi.
Leave a Reply