Çoxlu hissələrdən ibarət təyyarə maketi aldığınızı düşünün. Yüzlərlə kiçik hissədən təşkil olunmuş bu maketi hansı sıra ilə düzəldərdiniz? Şübhəsiz ki, bunun üçün əvvəlcə qutunun üzərindəki rəsmlərə baxar və içindəki təlimat kitabçasından faydalanardınız. Çünki maketi düzəldərkən təlimatı oxumaq görüləcək işə sərf olunan vaxtı qısaldır, o maketin səhvsiz, mükəmməl düzəldilməsinə kömək edir.
Təyyarənin düzəldilməsi haqqında təlimatlar olmasa, əgər əlinizdə buna bənzər model varsa, maketi ona baxıb düzəldə bilərsiniz. Çünki daha əvvəl gördüyünüz təyyarə modelinin dizaynı onun bənzərinin düzəldilməsində sizə əsas yolgöstəricidir. Eyni məntiqlə, təbiətdə mövcud olan qüsursuz dizayndan nümunə götürmək də bənzər funksiyalara malik texnoloji cihazın dizaynı və düzəldilməsinin ən qısa yolla, mükəmməl şəkildə həyata keçirilməsini təmin edir. Bunu dərk edən bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi də hər yeni fəaliyyətdən əvvəl bunun canlılardakı nümunələri araşdırır, onlardakı sistem və dizaynlardan nümunə götürərək təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı canlıları təhlil edir və bunlardan faydalanaraq yeni texnoloji məhsullar istehsal edirlər.
Bu cərəyan yeni elm sahəsini meydana gətirmişdir: biomimetika. “Təbiətdəki canlıları təqlid etmə” mənasını verən və xüsusilə son dövrlərdə texnologiya aləmində tez-tez bəhs edilən bu elm sahəsi insanlara yeni üfüqlər açmışdır.
Canlılardakı sistemlərin quruluşunu təqlid etmə kimi tanınan biomimetikanın meydana gəlməsi bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamları üçün böyük məğlubiyyət olmuşdur. Çünki təkamül ağacının ən təkmil canlısı kimi qəbul etdikləri insanın özündən “daha ibtidai” hesab edilən canlıları təqlid etməyə çalışması, onlardan ilham alması təkamülçülər üçün qəbuledilməzdir.
İbtidai hesab edilən canlıların xüsusiyyətlərindən daha təkmil olanlar nümunə götürürsə, bu, gələcək texnologiyanın, əsasən, bu “ibtidai canlıların” dizaynı üzərində qurulması deməkdir. Bu isə ətraf mühitə uyğunlaşmayan ibtidai canlıların yox olub, qalanlarının inkişaf etdiyini müdafiə edən təkamül nəzəriyyəsinin məntiqinə tamamilə ziddir.
Təkamül nəzəriyyəsini müdafiə edənləri çıxılmaz vəziyyətə salan bu elm sahəsi günbəgün inkişaf edir və texnologiya aləminə hakim olur. Bu istiqamətdə “biomimikriya” adlanan və “canlıların davranışlarını təqlid etmə elmi” mənasını verən yeni elm sahəsi də meydana gəlmişdir.
Gəlin, bu canlılardan bəzilərini birlikdə araşdıraq.
Oxçu balığı ən təəccüblü ovlama taktikasına malik canlılardan biridir. Balıq suyun səthinə yaxın yarpaqlara bir həşəratın qonmasını gözləyir. Həşəratı hədəfə aldıqdan sonra ona doğru su fışqırdaraq suya salır və çabalayan həşəratı dərhal tutur.
Bəzi oxçu balıqları yarpaqların üstündəki həşəratları havaya tullanaraq da tuturlar. Bu ovlama metodu çox həssas tənzimləmələrə əsaslanır. Əvvəla, balıq suyun içindən havadakı canlının yerini düzgün müəyyənləşdirməlidir. Çünki işıq sıxlığı fərqli mühitlərdən keçərkən sınır, sınma bucağı dəyişir və yanılmalara səbəb olur. Buna misal olaraq suyun içinə uzatdığımız bir çubuğun suyun içindəki görüntüsünün sınmış kimi görünməsini göstərə bilərik.
Oxçu balığı isə bu sınma bucağını sanki hesablayır və hədəfini buna əsasən seçir. Fizikada sınma əmsalı adlanan bu amil balığın hədəfini vurmasına mane olmur. Bundan əlavə, balığın ağzındakı suyu püskürtmə sistemi də heyranedicidir. Balıq, eyni zamanda, həşəratın suyun üzərində haraya düşəcəyini də mükəmməl hesablayır. Ovlanan həşəratların çəkisi fərqləndiyinə görə, düşmə sürətləri də fərqli olur. Bu isə balığın verəcəyi qərarı daha da mürəkkəbləşdirir. Balıq isə ovladığı hər həşərat üçün ayrı hesablama aparır və ovunu müvəffəqiyyətlə tutur.
Bu üstün ovlama metodu balıq üçün yaradılmış xüsusi sistemdir.
Qutu balığının suyun təzyiqini azaldan forması elm adamlarına model olur
Bir avtomobil şirkəti “Bionika” adlı layihə həyata keçirərkən qutu balığının bədən quruluşunu model götürüb. Çünki aparılan tədqiqatlarda bu balığın suyun içində hərəkət edərkən suyun təzyiqini azaldan quruluşa malik olduğu müəyyən edilib. Əsasən, damlaya bənzər formalarda təzyiq azaldığına görə balığın qutu formasında olmasının uyğun olmadığı zənn edilirdi. Ancaq daha dərin tədqiqatlar nəticəsində qutu balığının su damlası ilə aerodinamik cəhətdən eyni uyğunluqda olduğu müəyyən edildi.
Dövrümüzdəki bir çox avtomobildə sürtünmə əmsalı 0.30 ikən qutu balığından ilham alaraq hazırlanan avtomobildə bu əmsal 0.19 olmuşdur. Sürtünmə əmsalının azalması havanın təzyiqinin də azalması deməkdir. Üzərindəki hava təzyiqinin azalması avtomobilin yanacaq ehtiyacını 100 km-də 4.3 litrə salaraq çox sərfəli olmasına səbəb olmuşdur.
Balığın bədən quruluşunu diqqətlə tədqiq etdikdə dərisinin saysız-hesabsız altıbucaqlı sümük lövhələrlə örtülü olduğu məlum olub. Bu da balığa ən yüngül və ən möhkəm bədən quruluşu qazandırır.
Daha sonra balığın altıbucaqlı sümük lövhələrlə örtülü dərisini nəzərə alaraq hazırlanan avtomobil maketlərində avtomobil qapılarının xarici lövhələrinin möhkəmliyi 40% artmışdır. Bu texnika ilə istehsal edilmiş avtomobilin 30% yüngülləşməsinə baxmayaraq, toqquşma təhlükəsi də artmamışdır.
Ağac daşıdığınız kranla yerdən noxud yığa bilərsinizmi?
Fillərin xortumu çoxfunksiyalıdır. Fil bir tərəfdən xortumu ilə qopardığı böyük bir ağacın gövdəsini daşıyarkən digər tərəfdən bir noxud dənəsini yerdən götürüb ağzına ata bilir. Bundan əlavə, yuyunmaq və ya su içmək üçün 4 litr suyu xortumunda daşıyır və suyu fəvvarə kimi havaya püskürür. Lazım gəldikdə xortumundan xəbərləşmə vasitəsi kimi istifadə edərək sürüsünü toplayır və ya qaçmaq üçün onlara xəbərdarlıq edir. 50 min əzələdən ibarət bu orqan mükəmməl dizaynı sayəsində həddindən çox incəlik və dəqiqlik tələb edən hərəkətləri etmə qabiliyyətinə malikdir.
Kompyuter və elektronika texnologiyası dövrümüzdə böyük irəliləyişlər əldə etmişdir. Buna baxmayaraq, fil xortumunda olduğu kimi, həm kran qədər güclü, həm də noxud dənəsini tutacaq qədər dəqiq işləri eyni anda edən cihaz və robotlar hələ icad edilməmişdir.
Almaniyanın “Festo” şirkəti fil xortumunu təqlid edərək robot hazırlayıb. Bu robotun sənayedə köməkçi funksiya daşıması nəzərdə tutulur.
KİRLİLİK DETEKTORU KİMİ TANINAN FİL BALIQLARI
Qərbi Afrika fil balığı (Gnathonemus petersii) Afrikanın 27ºC temperaturda isti, palçıqlı sularında yaşayır. Baş forması fil xortumuna bənzədiyinə görə fil balığı adlandırılan bu balıqlar yem tapmaq, qaranlıq, bulanıq sularda istiqamətlərini müəyyən etmək üçün zəif elektrik sahələrindən faydalanırlar. Zəif elektrik hasil edən bu balıqların başlarının üstündəki çıxıntılı hissədə elektrik qəbulediciləri var. Qəbul edilən elektrik impulslarının birləşdirilməsi üçün bir çox proses tələb edilir. Fil balıqları balıqlar aləmində ən ağır beyinə malik canlılardır. Bu cür beyin o qədər böyük və fəaldır ki, balığın metabolik enerjisinin 60%-ni sərf edir. Bu da insanlardakından 3 dəfə çoxdur.
Canlının elektrik impulsu yayan orqanı isə quyruğunda yerləşir. Balıq quyruq tərəfindəki əzələlərindən yaydığı elektrik impulsları ilə yolunu tapır. Normal şəraitdə dəqiqədə təqribən 500 impuls yayır. Lakin suyun kirlilik səviyyəsi artdıqca dəqiqədə hasil etdiyi elektrik impulsu 1000-dən çox olur.
İngiltərənin Burmaunt şəhərində kirliliyi ölçmək üçün fil balıqlarından faydalanaraq icad edilmiş detektorlardan istifadə edilir. Burmauntdakı bir su şirkəti Staur çayından götürdüyü su nümunələrini 20 fil balığının nəzarətinə vermişdir. Hər balıq çaydan gələn su ilə doldurulmuş akvariumda yaşayır. Akvariumlardakı qəbuledicilər elektrik impulslarını qəbul edərək kompyuterlərə ötürürlər. Əgər su kirlidirsə, balığın artan impulsları müəyyən edilərək kompyuter vasitəsilə həyəcan siqnalı verilir.
Əgər bir balıq elm adamına ilham mənbəyi təşkil edirsə və texniki cəhətdən bu qədər mükəmməldirsə, insanların öhdəsindən gəlmədiyi problemləri üstün sistemləri ilə həll edə bilirsə, bu canlının yaradılışı üzərində düşünmək lazımdır. Bu qədər mükəmməl canlının kor təsadüflər, şüursuz kortəbii proseslər nəticəsində əmələ gəlməsi, əlbəttə, qeyri-mümkündür. Bu gün elm adamlarının təqlid edərək faydalanmağa çalışdıqları bu üstün mexanizm Allah’ın saysız-hesabsız nümunələrindən biridir.
Leave a Reply