Yer kürəsinin yeri
Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.
Son astronomik kəşflər, sistemdəki digər planetlərin mövcudluğunun, yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığıyla əslində yer kürəsinin tarazlığını təmin edir. Astrofizik hesablamalar, Yupiterin yerləşdiyi orbitdəki mövcudluğunun, yer kürəsi kimi sistemdəki digər planetlərin orbitlərinin sabit qalmasını təmin etdiyini ortaya çıxartmışdır. Yupiterin yer kürəsini qoruyan ikinci bir funksiyasını isə, planetoloq Corc Veteril (George Wetherill); “Yupiter necə də xüsusidir” adlı bir məqalədə belə açıqlayır:
“Əgər Yupiterin olduğu yerdə bu böyüklükdə bir planet olmasaydı, yer kürəsi, planetlər arası boşluqda hərəkət edən meteoritlərə və kometalara təxminən min dəfə artıq hədəf olardı… Əgər Yupiter olduğu yerdə olmasaydı, hal-hazırda biz də Günəş sisteminin mənşəyini araşdırmaq üçün mövcud ola bilməzdik”.(1)
Bir sözlə, Günəş sisteminin quruluşu, həyatın mövcud ola bilməsi üçün xüsusi nizam və quruluşa malikdir.
Bir qədər daha irəli gedək və Günəş sisteminin kainatdakı mövqeyindən bəhs edək. Günəş sistemi başda da ifadə etdiyimiz kimi, Süd Yolu qalaktikasının mərkəzində deyil, nəhəng qollarından birinin kənarında yerləşir. Görəsən bu bizim üçün necə bir üstünlükdür? Maykl Denton (Michael Denton), “nature’s destiny” (“təbiətin taleyi”) adlı kitabında bu mövzuda bunları yazıb:
“Olduqca təəccüb doğuran digər bir həqiqət isə, kainatın yalnız bizim varlığımıza və bioloji ehtiyaclarımıza görünməmiş dərəcədə uyğun olması deyil, eyni zamanda bizim onu anlamağımıza da olduqca uyğun olmasıdır… Günəş sistemimizin bir qalaktik qolun kənarında yerləşməsi, bizim gecələri səmanı nəzərdən keçirərək uzaqdakı qalaktikaları görə bilməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat sahibi olmağımızı təmin edir. Əgər bir qalaktikanın mərkəzində yerləşsəydik, heç vaxt spiralvarı bir qalaktikanın quruluşunu müşahidə edə bilməz və ya kainatın quruluşu barəsində müəyyən fikir sahibi ola bilməzdik”.(2)
Digər bir sözlə, kainatın fiziki qanunları kimi yer kürəsinin kosmosdakı mövqeyi də, bu kainatın həyat üçün yaradılmış olduğunu göstərən dəlillərdən təşkil olunur. Yəni kainatın Allah tərəfindən yaradılmış və nizamlanmış olduğu, açıq-aydın bir həqiqətdir.
Bəzi insanların bunu qavraya bilməmələrinin səbəbi, səmimi və ön mühakiməsiz şəkildə düşünə bilməmələridir. Halbuki səmimi şəkildə düşünən hər ağıl sahibi insan, kainatda hər şeyin müəyyən məqsədlə yaradıldığını; “Biz göyü, yeri və onların arasında olan şeyləri batil olaraq yaratmadıq. Bu, kafirlərin zənnidir…” (Sad surəsi, 27) ayəsiylə bildirildiyi kimi, müəyyən məqsədlə yaradılmış və nizamlanmış olduğunu anlayar.
Bu dərin qavrayış, digər bir Quran ayəsində belə təsvir edilir:
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində təmiz ağıl sahibləri üçün dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən çox Ucasan. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)
1) G. W. Wetherill, “How Special is Jupiter?”, Nature, vol. 373, 1995, səh. 470
2) Michael Denton, Nature’s Destiny, səh. 262
Leave a Reply