Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir. Ancaq bu iki amil də bir-birindən son dərəcə fərqli faktorların hər birinin ideal ölçüdə müəyyən edilməsilə əmələ gəlmişdir.
Bunlardan biri Yerin Günəşdən məsafəsidir. Əlbəttə, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı, həyata imkan verən temperatur ölçüsünə malik ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, 120°C ilə -20°C arasında dəyişən temperaturda əmələ gəlirlər. Günəş sistemində bu temperatura malik olan yeganə planet isə Yerdir.Bütün kainatı düşündükdə həyat üçün lazımlı bu temperatur intervalının əldə edilməsinin çox çətin olduğunu görərik. Çünki kainatdakı temperaturlar ən qızmar ulduzların milyardlarla dərəcə qorxunc temperaturlarından “mütləq sıfır” nöqtəsi olan -273.15°C-yə qədər dəyişir. Bu nəhəng temperatur intervalı içində karbon əsaslı həyata imkan yaradan temperatur çox azdır. Amma Yer kürəsi məhz bu temperatura malikdir.
Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer səthinin temperaturuna diqqət çəkirlər. Bildirdiklərinə görə, “həyat sadəcə çox məhdud temperatur intervalında mümkündür… və bu temperatur Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperaturların təxminən 1%-lik hissəsini təşkil edir. Yer kürəsinin istiliyi məhz bu intervaldadır.” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)
Yerin ideal temperaturunun planetdə bərabər paylaması da son dərəcə vacibdir. Belə ki, bu tarazlığın təmin edilməsi üçün bəzi xüsusi tədbirlər görülmüşdür.
Məsələn, Yer kürəsinin oxunun 23°27-lik mailiyi qütblərlə ekvator arasındakı atmosferin həddindən artıq istiləşməsinin qarşısını alır. Əgər bu maillik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı istilik fərqi daha çox artacaq və həyat üçün lazım olan atmosferin mövcud olması mümkünsüz olacaqdı.
Yerin öz ətrafındakı yüksək fırlanma sürəti də temperaturun bərabər paylanmasına kömək edir. Yer kürəsi sadəcə 24 saata öz oxu ətrafında fırlanır və bunun sayəsində gecələr və gündüzlər qısa davam edir. Qısa davam etdikləri üçün də gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu tarazlığın əhəmiyyətini bir günü bir ilindən daha uzun olan və buna görə gecə-gündüz arasındakı temperatur fərqi 1000°C-yə çatan Merkuri ilə müqayisə edildikdə görmək olar.
Yer üzünün formaları da temperaturun bərabər paylanmasına kömək edir. Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100°C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi kələ-kötürlüyü çox olmayan səthdə baş versəydi, sürəti saatda 1000 km-ə çatan fırtınalara Yerin altını üstünə çevirərdi. Lakin yer üzü temperatur fərqinə görə ortaya çıxacaq qüvvətli hava axınlarının qarşısını almaq üçün kələ-kötür formadadır. Bu formalar, yəni sıra dağlar Çində Himalaydan başlayır, Anadoluda Taurus dağları ilə davam edir və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda əmələ gələn artıq temperatur mayelərin temperatur fərqini dərəcəli şəkildə tarazlaması sayəsində şimala və cənuba ötürülür.
Habelə Yerin atmosferində temperaturu davamlı şəkildə tarazlayan bir sıra sistemlər də var. Məsələn, bir bölgə daha çox isindikdə suyun buxarlanması artır və buludlar çoxalır. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini geri qaytararaq aşağıdakı havanın və səthin daha çox isinməsinin qarşısını alır.
Bütün bunlar Yer planetinin həyat üçün xüsusi şəkildə yaradıldığını və bütün xüsusiyyətləriin bu məqsədə görə nizamlandığını göstərir.
Leave a Reply