Maksimum sürəti 320 km/saat olan Yaponiyanın Şinkansen qatarlarının müəyyən sürətə çatana qədər çıxardığı səsin səbəbi təkərlərinin relslər üzərində hərəkətidir. Ancaq sürəti 200 km/saatdan çox olduqda səsin əsl mənbəyi qatarın havanın içində hərəkəti nəticəsində meydana gələn aerodinamik uğultudur. Aerodinamik uğultu hava axınında əmələ gələn hava girdablarından qaynaqlanır. Girdablar böyüdükcə səs də artır.
Bu uğultunu aradan qaldırmaq üçün tədqiqat aparan mühəndislər sürətli, ancaq səssiz uçan bayquşdan nümunə götürüblər. Bayquşun qanadında çoxlu qırışlı çıxıntılar olduğuna görə böyük hava girdabları əvəzinə kiçik girdablar əmələ gəlir və nəticədə bayquş çox səssiz uçur. Yapon mühəndis və dizaynerlərin bayquş qanadlarının bu xüsusiyyətlərini öyrənib texnologiyaya tətbiq etməsi daha səssiz qatarların istehsalına təkan vermişdir.