Lazımi səviyyədə fəaliyyət göstərməyən orqanlarımızı əvəz edə biləcək süni orqanlar və cihazlar müasir texnologiyanın verdiyi imkanlarla təbabətin istifadəsinə verilib. Böyrəklər öz funksiyalarını itirəndə və ya hər hansı bir mənfi hal yarananda da bunun əvəzinə orqanizmin təmizləmə sistemi kimi fəaliyyət göstərməli olan dializ aparatları işlənib hazırlanıb. Ölçüləri böyrəklərlə müqayisə edilməyəcək qədər böyük olan bu aparatlarda qan müəyyən qurğulardan keçirilir və qan özünün tərkibindəki sidik cövhəri, sidik turşusu kimi zərərli maddələrdən və artıq mayelərdən təmizlənir.
Bu cihaz sadə diffuziya (bir maddənin qarışıq bir nisbətdən nisbətən az qarışıq nisbətə keçməsi) üsulu ilə işləyir. Arteriyadan çıxan boru ilk öncə bir nasosa gəlir. Bu nasos qanı dializ aparatına vurur. Dializ mayesi oksigenlə zəngindir və duz konsentratı baxımından da qan plazması ilə eynidir. Qan dializ mayesi içində olan dializ borucuqlarından keçirilir. Qanın tərkibindəki sidik cövhəri kimi artıq maddələr diffuziya ilə dializ mayesinə keçdiyi halda eritrosit və zülal kimi lazımlı maddələr dializ borucuqlarında qalır. Bu proses zamanı dializ mayesi aparatın içində xəfif şəkildə çalxalanır. Bunun nəticəsində qandakı artıq maddələr təmizlənir və qan geri qaytarılacaq vəziyyətə gətirilir. Əgər qanın qidalandırılmasına ehtiyac olarsa, dializ mayesinə qlükoza əlavə edilir və yenə də diffuziya üsulu ilə qana keçirilir. Təmizlənmiş qan boru vasitəsilə venaya ötürülür. Bütün bu proseslər zamanı dializ mayesi fasiləsiz olaraq təzələnir və hər dəfə də bədən temperaturuna uyğun şəkildə saxlanılır. Əks halda xəstə çoxlu miqdarda istilik itirmiş olar. davamı »