Qaranlığa və rəngsizliyə bürünən həqiqi dünya

Müasir fizika sübut edir ki, biz gözlərimizlə görmürük, əslində dünya zülmət qaranlıq və rəngsizdir.

Görən gözlərimiz deyil, görüntü beynimizdə əmələ gəlir

Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına çevirirlər. Bu elektrik axınları göz sinirləri vasitəsilə beynin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı aydın və üç ölçülü görüntülərə çevirir. Məsələn, biz parkda oynayan uşaqları seyr etdikdə bu uşaqları və parkı gözlərimizlə görmürük, çünki bu mənzərəyə aid görüntü gözümüzün önündə deyil, beynimizin arxa tərəfində əmələ gəlir. Burada çox səthi şəkildə izah etdiyimiz görmə prosesi əslində çox mürəkkəbdir. İşıq şüaları bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik siqnalları üç ölçülü, rəngarəng, parlaq dünya şəklində bizə görünür. “Göz və beyin” kitabının müəllifi R.L.Qreqori bunun fərqinə varmış şəxslərdən biri kimi görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir:

Gözlərimizə kiçik, başı aşağı görüntülər verilir və biz ətrafımızda bunları sağlam cisimlər kimi görürük. Tor qişanın üzərindəki siqnallar nəticəsində cisimlər dünyasını qavrayırıq və əslində bunun bir möcüzədən fərqi yoxdur.2

Bütün bunlar bizi daima eyni həqiqətə aparır: biz həyatımız boyu dünyanı bizim xaricimizdə zənn edirik. Əslində isə dünya hər şeyi ilə birlikdə bizim içimizdədir. Biz xaricimizdə hesab etdiyimiz dünyanı əslində içimizdə, beynimizdəki kiçik nöqtədə görürük. Məsələn, bir şirkət rəhbəri şirkətin binasının, şəhərin kənarındakı fabrikinin, avtoparkdakı avtomobilinin, dəniz sahilindəki evinin, limandakı yaxtasının, tabeçiliyində işləyən yüzlərlə insanın, vəkillərinin, ailəsinin, dostlarının daima öz bədənindən xaricdə olan varlıqları ilə təmasda olduğunu düşünür. Lakin bunların hamısının sadəcə onun kəllə sümüyünün içində, beyninin arxa tərəfindəki kiçik bölgədə əmələ gələn görüntüləri ilə təmasdadır. Xarici aləmdəki əsillərinin necə olduğunu isə heç vaxt bilə bilməz. Sözügedən şəxs bu həqiqəti bilmir, bilsə də, düşünmək istəməz. Ancaq son model avtomobili ilə gəldiyi şirkətinin qarşısında qürurla dayanarkən əsən mehlə gözünə toz düşsə, bu həqiqəti o dəqiqə anlayar. Toz düşdüyü üçün qaşınan sağ gözünü gözü açıq ikən yüngülcə qaşıdıqda şirkət binasının yuxarı-aşağı və ya sağa-sola doğru gedib-gəldiyini görəcəkdir. Elə bu zaman düşünən insan gördüyü görüntünün xarici aləmdəki sabit varlıq olmadığını anlayar. Çünki gözünü qaşıması ilə görüntü gedib-gəlir.

Beləliklə, bu bir həqiqətdir ki, hər insan həyatı boyu gördüyü hər şeyi beynində görür və heç bir zaman gördüklərinin əsilləri ilə təmasda ola bilməz. Gördükləri xarici aləmdə mövcud olan görüntülərin beynində əmələ gələn surətidir. Bu surətin əslinin necə olduğu isə bizə məlum deyil.

Materialist olmasına baxmayaraq, alman psixiatr və nevrologiya professoru Hoymar von Ditfurt bu elmi həqiqət haqqında bunları söyləyir:

Arqumentlərimizin hərəkətverici qolunu hara yerləşdirsək də, nəticə dəyişmir: əti-sümüyü ilə qarşımızda duran, gözümüzün gördüyü şey “dünya” deyil, sadəcə onun xəyalıdır, bir bənzəridir, orijinalı ilə nə qədər üst-üstə düşdüyü mübahisəlidir.3

Məsələn, hal-hazırda başınızı qaldırıb içində olduğunuz otağa baxdıqda gördüyünüz sizin xaricinizdəki otaq deyil. Siz otağın beyninizin içində əmələ gələn xəyali görüntüsünü görürsünüz və heç bir zaman bu otağın əslini duyğu orqanlarınız vasitəsilə görməyiniz mümkün deyil.

 Qapqaranlıq beyninizin içində aydın və rəngarəng görüntü necə meydana gəlir?

Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beynin içində işıq yoxdur. Yəni beynin yerləşdiyi yer qapqaranlıqdır, ona görə də beynin işığın özü ilə təmasda olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi şəkildə bu zülmət qaranlıqda işıqlı, parlaq dünyanı seyr edirsiniz. Rəngarəng  təbiət, parlaq mənzərə, yaşılın hər çaları, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı,  küçədəki bütün insanlar, yolda sürətlə şütüyən maşınlar, ticarət mərkəzindəki yüzlərlə növ geyim də daxil olmaqla, hər şey bu zülmət qaranlıq yerdə əmələ gəlir.

Buradakı maraqlı vəziyyəti bir nümunə ilə açıqlayaq. Qarşımızda yanan manqal alovunu düşünək. Bu manqalın qarşısına keçib onu uzun müddət izləyə bilərsiniz. Amma bu müddət boyu beynimizə manqaldan gələn işığın, parıltının və istiliyin əsli ilə heç vaxt təmasda ola bilmərik. Manqaldakı alovun işığını və istiliyini hiss etdiyimiz anda belə kəllə sümüyümüzün və beynimizin içi qapqaranlıqdır və temperaturu heç dəyişmir. Qapqaranlıq beynin içində elektrik siqnallarının rəngarəng, parıltılı, aydın görüntüyə çevrilməsi bir möcüzədir. Bu hadisə üzərində düşünən insan qarşılaşdığı əsrarəngizlik qarşısında böyük heyranlıq hissi keçirəcəkdir.

 İşıq da beynimizdə əmələ gəlir.

Görmə hadisəsinin necə baş verdiyini izah edərkən daima xaricdən gələn işığın gözümüzdəki hüceyrələri hərəkətə gətirdiyini və bu hərəkətlənmənin görüntünün əmələ gəlməsinə səbəb olduğunu bildirdik. Ancaq burada vurğulanmalı çox vacib bir cəhət də var. Əslində beynimizin xaricində bizə məlum olan işıq yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə bizim beynimizdə əmələ gəlir. Xarici dünyada, yəni beynimizin xaricində işıq kimi bildiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar zərrəcik halında olan enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar tor qişanı oyandırdıqda bizə məlum olan “işıq” əmələ gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:

İşıq sözü fiziki və ya obyektiv mənada elektromaqnit dalğalarla və ya fotonlarla bağlı istifadə edilmişdir. Eyni söz psixoloji mənada elektromaqnit dalğalar və fotonlar gözün tor qişasına təsir etdikdə insanda əmələ gələn hiss ilə bağlı olaraq da istifadə edilir. İşıq sözünün həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə edək: işıq bir insan gözünə tor qişasının oyandırılması nəticəsində əmələ gələn görmə təsiri ilə varlığını göstərən enerji formasıdır.4

Beləliklə, işıq gözümüzə gələn bəzi elektromaqnit dalğaların və ya hissəciklərin bizdə əmələ gətirdiyi təsir ilə meydana gəlir. Yəni xaricdə beynimizdəki görüntünü əmələ gətirəcək işıq da yoxdur. Sadəcə enerji var və bu enerji gözümüzə çatdıqda biz rəngarəng, parlaq, aydın dünya görürük.

 Rənglər də beynimizdə əmələ gəlir

Biz doğulduğumuz andan etibarən ətrafımızda rəngli dünya görür, rəngarəng mühitlə təmasda oluruq. Əslində isə kainatda heç bir rəng yoxdur. Rənglər beynimizin içində əmələ gəlir. Xaricdə sadəcə fərqli dalğa uzunluqlarına malik elektrik dalğaları var. Gözümüzə çatan bu fərqli dalğa  uzunluqlarındakı enerjidir.

Yuxarıda da bildirildiyi kimi, biz buna işıq deyirik, ancaq bu, bizim bildiyimiz mənada parlaq, aydın işıq deyil, sadəcə enerjidir. Beynimiz bu fərqli dalğa uzunluqlarına malik enerjini şərh etdikdə biz onları “rənglər” kimi görürük. Əslində isə nə dənizlər mavi, nə otlar yaşıl, nə torpaq qəhvəyi, nə də meyvələr rənglidir. Onlar sadəcə beynimizdə o cür qavradığımız üçün elədirlər. Şüur və beyin haqqında yazdığı kitabları ilə Daniel C. Dennet bu həqiqəti belə izah edir:

Ortaq qənaətə əsasən, elm rəngləri fiziki dünyadan ayırmış və əvəzinə sadəcə rəngsiz, fərqli dalğa uzunluqlarındakı elektromaqnit şüaları saxlamışdır.5

Dennet beyinlə bağlı bir kitabında rənglərin meydana gəlməsi haqqında bunları deyir:

Dünyada rəng yoxdur, rəng sadəcə baxanın gözündə və beynində əmələ gəlir. Cisimlər işığın fərqli dalğa uzunluqlarını əks etdirirlər, ancaq bu işıq dalğalarının rəngi yoxdur.6

Bu elmi həqiqətin daha yaxşı başa düşülməsi üçün rəngləri necə gördüyümüzü qısaca nəzərdən keçirək.

Günəşdən gələn işıqlar bir cismə toxunduqda hər cisim işığı fərqli dalğa uzunluğunda əks etdirir. Bu fərqli dalğa uzunluqlarındakı işıq gözə çatır (burada işıq olaraq bəhs edilənin əslində elektromaqnit dalğalar və fotonlar olduğu, bizə məlum olan işığın isə sadəcə beynimizdə əmələ gəldiyini unutmamaq lazımdır). Rəngin qavranılması gözün tor qişasındakı kolbacıqlarda başlayır. Tor qişada işığın müəyyən dalğa uzunluğuna cavab verən üç əsas kolbacıq hüceyrə qrupu var. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü ilə yaşıl işığa həssasdır. Bu üç fərqli kolbacıq hüceyrənin müxtəlif nisbətlərdə oyandırılması nəticəsində milyonlarla müxtəlif rəng çaları ortaya çıxır. Ancaq işığın kolbacıq hüceyrələrə çatması rənglərin əmələ gəlməsi üçün kifayət deyil. Johns Hopkins Universitetinin tibb fakültəsindən tədqiqatçı Jeremy Nathans gözdəki hüceyrələrin rəngləri əmələ gətirmədiyini belə bildirir:

Hər hansı bir kolbacıq hüceyrənin üzərinə düşən tək şey işığı tutub gərginliyi haqqında məlumat verməkdir. Rəng haqqında sizə heç bir şey demir.7

Kolbacıq hüceyrələr qəbul etdikləri bu rəng məlumatlarını malik olduqları piqmentlər vasitəsilə elektrik siqnallarına çevirirlər. Bu hüceyrələrlə əlaqədar olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi bölgəyə göndərirlər. Həyatımız boyu gördüyümüz rəngarəng dünyamızın əmələ gəldiyi yer elə beyindəki bu xüsusi bölgədir. Beləliklə, beynimizdən xaricdə rənglər yoxdur, işıq da yoxdur. Sadəcə elektromaqnit dalğalar və ya hissəciklər şəklində hərəkət edən enerji var. Həm rənglər, həm də işıq sadəcə bizim beynimizdədir. Yəni biz gülü qırmızı olduğu üçün qırmızı rəngdə görmürük. Bizim gülü qırmızı görməyimizin səbəbi tor qişamıza təsir edən enerjinin beynimiz tərəfindən qırmızı kimi şərh edilməsidir.

Rəng korluğu rənglərin beynimizdə əmələ gəlməsinin vacib dəlillərindəndir. Məlumdur ki, gözdəki tor qişada əmələ gələn kiçik pozuntu rəng korluğuna səbəb olur. Belə olduqda insan yaşıl ilə qırmızını bir-birindən ayırd edə bilmir. Bu halda xarici aləmdəki cismin “rəngli” olub-olmamağı vacib deyil. Çünki biz cisimləri onlar rəngli olduqlarına görə rəngli görmürük. Buradakı nəticə bundan ibarətdir: varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər “xarici dünyada” deyil, beynimizdədir. Biz heç vaxt hisslərimizdən kənara çıxaraq xarici aləmə çıxa bilməyəcəyimizə görə, maddələrin və ya rənglərin əsillərini də bilmərik. Məşhur mütəfəkkir Berkeley də bu həqiqətə aşağıdakı sözləri ilə diqqət çəkir:

Qısaca desək, eyni şeylər eyni zamanda bəziləri üçün qırmızı, bəziləri üçün isti, bəziləri üçün tam əksi ola bilirsə, bu, o deməkdir ki, biz illüziyaların təsirindəyik…8

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)