Ağılasığmaz hüdudlarıyla insan ağılının qavramaqda çətinlik çəkdiyi kainat yarandığı ilk andan etibarən həssas tarazlıq və nizam daxilində qüsursuz şəkildə varlığını davam etdirir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, nizam və tarazlığı təmin edən qanunların necə çalışdığı bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. Kainatdakı nizamı, dizaynı ağıl və vicdanlarıyla dəyərləndirən elm adamlarına onun yaranması ilə bağlı sualları cavablandırmaq çətin olmayıb. Çünki düşünən və dərk edən insan üçün bu qüsursuz dizaynın bütün kainata hakim olan Allah tərəfindən yaradıldığı gözlər önünə sərilmiş açıq bir həqiqətdir. Allah bu açıq həqiqəti Quranda da bildirməkdədir:
“Həqiqətən, göylərin və yerin yaradılması, gecəylə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün dəlillərdir”. (Ali-İmran surəsi, 190)
Fəqət yaradılış dəlillərinə göz yummağa çalışan elm adamları illərdir ki, ardı-arası kəsilməyən bu suallara cavab verməkdə çox böyük çətinlik çəkirlər. Elmi gerçəklərə tamamilə zidd olan boş nəzəriyyələrini qorumaq üçün onlar, hətta demaqogiyaya, heç bir elmi əsası olmayan həqiqətdənkənar nəzəriyyələrə, düşdüyü çətinlikdən çıxmaq üçün saxtakarlıqlara belə sığınmaqdan çəkinmirlər. Amma 21-ci əsrdə elm alımində baş verən bütün irəliləyişlər bir həqiqətə işarə edir: kainat üstün bir güc və sonsuz elm sahibi olan Allah tərəfindən yoxdan var edilib.
Kainatın yaradılışı
“Kainat necə yarandı?” sualı insanların yüz illərdir ki, cavab axtardıqları bir sualdır. Tarix boyu bununla bağlı minlərlə kainat model irəli sürülüb, nəzəriyyələr ortaya atılmışdır. Lakin bu nəzəriyyələr araşdırıldıqda bəlli olur ki, hamısı təməldə iki modeldən birinin üzərində qurulub. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan “sonsuz kainat”, yəni kainatın bir başlanğıcının olmaması fikri, ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan kainatın böyük partlayışla yoxdan yaradıldığı modelidir. Birinci model kainatın nə başlanğıcının və nə də sonunun olduğunu, ikincisi isə, əksinə, böyük bir partlayış nəticəsində yarandığını və dayanmadan genişləndiyini nəzərdə tutur. Artıq qüvvəsini itirmiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, sonsuza qədər də indiki kimi qalacağını nəzərdə tutur. Sonsuz kainat fikri qədim Yunanıstanda inkişaf etmiş, daha sonra Avropa intibahı dövründə yenidən gündəmə gəlmiş materialist fəlsəfənin bir məhsulu kimi qərbin elm məkanına da daxil olmuşdur. Əslində, intibahın təməlində elə qədim yunan filosoflarının araşdırılması dayanmşdır. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi həqiqət kimi insanlara təqdim olundu.
Karl Marks, Fridrix Engels kimi materialistlərin yalnız maddənin varlığını qəbul edən ideologiyalarına çox mühüm zəmin yaradan bu fikri böyük bir həvəslə mənimsəmələri bu modelin yaşadığımız əsrə qədər gəlib-çıxması ilə nəticələnən ən mühüm amillərdən oldu.
20-ci əsrin birinci yarısına qədər gündəmdə olan bu “sonsuz kainat” modelinə görə, kainat barədə hansısa bir başlanğıc yaxud sonu olduğuna dair qeydlər yox idi. Kainat yoxdan yaradılmadığı kimi heç vaxt yox da olmayacaqdır. Materialist fəlsəfənin də təməlini təşkil edən bu nəzəriyyəyə görə kainatın sabit (statik) bir quruluşu var. Halbuki, sonralar əldə olunan elmi tapıntılar bu nəzəriyyənin kökündən yanlış və elmdənkənar olduğunu ortaya çıxardı. Kainat sonsuzdan bu yana var olmamış, bir başlanğıcı vardır və yoxdan var edilmişdir.
Kainatın sonsuz olduğu, yəni bir başlanğıcının olmadığı fikri həmişə dinsizliyin və Allahı inkar etmə yanılmasına düşən ideologiyaların çıxış nöqtəsi olmuşdur. Çünki, onlara görə kainatın bir başlanğıcının olmaması, eyni zamanda, bir yaradıcının da olmaması fikrinə gətirib çıxarırdı. Amma elm bir müddət sonra materialistlərin bu iddiaların əsli olmadığını və kainatın “böyük partlayış” (Big Bang) adlandırılan partlayışla yoxdan var edilərək başladığını əsaslı arqumentlərlə ortaya qoydu. Yoxdan var edilmənin isə tək bir adı vardı: “yaradılış”. Yəni bütün kainat sonsuz qüdrət sahibi olan Allah tərəfindən yaradılıb.
Məşhur ingilis astronomu ser Fred Hoyl da bu nəzəriyyədən narahat olanlardan biri idi. Hoyl “Steady-state” (sabit vəziyyət) adlı nəzəriyyə ilə kainatın genişləndiyini qəbul etməklə yanaşı, onun məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə lazımi miqdarda maddə birdən-birə, öz-özünə var olmağa başlayır. “Sonsuz kainat” fikrini dəstəkləmək üçün son dərəcə qəliz açıqlamalarla ortaya atılan bu nəzəriyyə elmi olaraq sübut olunan “böyük partlayış” modelinə tamamilə ziddir. Onlar bu gerçəyə qarşı müqavimət göstərməyə davam etdilər, amma bütün elmi yeniliklər onları təkzib edir və həqiqəti bir-bir qarşılarına qoyurdu.
Leave a Reply